
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil.

E-saglam.az xəbər verir ki, burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrə və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta insan sağlamlığına ciddi ziyan vura bilər.
Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də, qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır. İstehlakçıların qarpız kəsildikdən sonra qabıqaltı hissəsində sarı rəngli zolaqların, lətli hissəsində isə ağ və ya çəhrayı rəngli topaların olmamasına diqqət yetirmələri tövsiyə olunur. Bu əlamətlər məhsulda nitrat qalığının çoxluğunu göstərir.