Yandex watch
Həkimlər bu qidalara qarşı xəbərdarlıq etdilər:

Gündəlik qidalanmada geniş yer alan ultra emal olunmuş məhsulların Parkinson xəstəliyi riskini ciddi şəkildə artırdığı müəyyən olunub.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki,  bu nəticə Çinin Fudan Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqatdan sonra açıqlanıb.

Araşdırmaya görə, gündə 11 və ya daha çox porsiya ultra emal olunmuş qida qəbul edən şəxslərdə Parkinson xəstəliyinin ilkin əlamətləri üç dəfə çox müşahidə olunur. “Daily Mail”in yaydığı xəbərə əsasən, yüksək qrupda yer alan insanların gündə üç porsiyadan az belə qida qəbul edənlərlə müqayisədə erkən simptomlar yaşama ehtimalı 2,5 dəfə çoxdur. Hətta az miqdarda qəbul belə riski artırır – məsələn, qablaşdırılmış şirniyyatlar bu riski 60 faiz yüksəldə bilər.

Görünən, amma zərərli qidalar

Bir porsiya dedikdə bir şüşə qazlı içki, bir qaşıq ketçup və ya bir dilim qablaşdırılmış tort nəzərdə tutulur. Salatlar və dilimlənmiş ətlər kimi zahirən sağlam görünən bəzi məhsullar da emal səviyyəsinə görə “ultra işlənmiş” sayılır.

Parkinsonun ilk siqnalları

Tədqiqatçılar bildirirlər ki, Parkinson xəstəliyinin ilkin əlamətləri arasında yuxu pozğunluqları, yorğunluq, qəbizlik və qoxu duyğusunun zəifləməsi yer alır. Bu simptomlar çox vaxt titrəmə və hərəkət çətinliyi kimi klassik əlamətlərdən illər əvvəl başlayır.

Beyinə təsir edən mexanizm

Alimlərin fikrincə, emulqatorlar, tatlandırıcılar və konservantlar kimi qida əlavələri bədəndə iltihab və oksidləşdirici stressi artırır, bu isə dopamin istehsal edən neyronlara zərər verir. Dopamin isə beynin hərəkətləri idarə etməsinə kömək edən həyati neyrotransmitterdir.

Eyni zamanda, bu tip qidaların bağırsaqdakı faydalı bakteriyalara mənfi təsir göstərdiyi və bu təsirin də beyin sağlamlığı ilə sıx bağlı olduğu vurğulanır. Bağırsaq mikrobiotasının pozulması iltihaba, bu da dopamin istehsalının zəifləməsinə səbəb ola bilər.

Gələcəyin sağlamlığı bugünkü seçimlərdən asılıdır

Tədqiqatın rəhbəri Dr. Xiang Gao bildirir: “Bu gün verdiyimiz pəhriz qərarları gələcəkdə beyin sağlamlığımıza təsir edə bilər. Ultra emal olunmuş məhsullardan uzaq durmaq Parkinson riskini azaltmaq üçün effektiv üsuldur”.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya kimi ölkələrdə əhalinin yaşlanması, ətraf mühit və həyat tərzi faktorları Parkinson hallarının artmasına səbəb olur. Təkcə ABŞ-da hər il 90 minə yaxın insana bu diaqnoz qoyulur.

Elm hələ son sözünü deməyib

Bununla belə, kənar ekspertlər araşdırmanın bəzi məhdudiyyətlərini qeyd edirlər. İştirakçılar qida qəbulunu özləri qeyd etdiklərindən porsiya sayında dəqiqlik olmaya bilər. Eyni zamanda, tədqiqatda etnik və sosial-iqtisadi müxtəlifliyin olmaması nəticələrin geniş şəkildə tətbiq olunmasına maneədir.

London Kral Kollecindən Dr. Daniel J. van Wamelen vurğulayır ki, araşdırma xəstəliyin birbaşa səbəbini deyil, erkən əlamətlərlə potensial əlaqəni göstərir. Bu tapıntılar daha geniş və uzunmüddətli tədqiqatlarla dəqiqləşdirilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az