
Balıq sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Tərkibindəki yüksək keyfiyyətli zülallar, A, D, E, B vitaminləri, sink, kalsium, maqnezium və xüsusilə omeqa-3 yağ turşuları onun insan sağlamlığı üçün unikal qida məhsulu olmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, həkimlərin fikrincə, balıq mütəmadi qəbul edildikdə beyin funksiyalarını gücləndirir, ürək-damar sistemini qoruyur, depressiyanın qarşısını alır, dərini təmizləyir, yuxunu normallaşdırır, xolesterini azaldır və immun sistemini gücləndirir.
Ən faydalı balıqlar arasında somon (qızılbalıq) liderlik edir. O, həm yüksək protein, həm də omeqa-3 qaynağı olmaqla yanaşı, D vitamini və kalsiumla da zəngindir. Vəhşi ovlanan somonun tərkibindəki astaksantin maddəsi isə həm də dərini sərbəst radikallardan qoruyur. Tuna və sardina da omeqa-3, B12 vitamini və dəmir kimi mikroelementlərlə zəngin olduqları üçün diqqətəlayiqdir. Siyənək və skumbriya da tərkibindəki faydalı maddələrlə sinir sistemi və qaraciyər üçün əvəzolunmaz sayılır.
Bununla belə, bəzi balıqların tərkibində civə və ya parazitlər ola bilər. Məsələn, çay balıqları – çapaq, ide və rudd – parazitar infeksiyalar riski daşıyır. Okean balıqları içində isə tuna və kral skumbriya civə toplaya bilər, ona görə də onların miqdarına nəzarət edilməlidir. Ən təhlükəlisi isə tetrodotoksin maddəsi daşıyan fuqu balığıdır – bu balıq yalnız xüsusi lisenziyalı aşpazlar tərəfindən hazırlanmalıdır.
Balığın faydalı xüsusiyyətlərini qorumaq üçün isə onu qaynatmaq, buxarda bişirmək və ya qızartmadan hazırlamaq tövsiyə olunur. Çiy balıqdan hazırlanan suşi isə yalnız gigiyenik normalara ciddi şəkildə əməl olunduqda təhlükəsiz sayılır.
Beləliklə, düzgün seçilmiş və düzgün hazırlanmış balıq sağlam bədən, güclü immunitet və parlaq dəri üçün təbii bir reseptdir.
Tərcümə: Könül Oruc