Qış mövsümündə günlərin qısalması bədənimizin daxili saatı olan sirkadian ritmə təsir edir və maddələr mübadiləsini yavaşladır.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə bu aylarda yemək saatlarını düzgün seçmək qan şəkərinə və ümumi sağlamlığa birbaşa təsir göstərir. Elmi araşdırmalar qaranlıq tez düşəndə bədənin enerji sərfiyyatının azaldığını və gec yeyilən yeməklərin qan şəkərini 20 faizədək artıra bildiyini göstərir.
“The Conversation” jurnalında yayımlanan məqalədə Limerick Universitetinin professoru Ketrin Norton qışda yemək saatlarını sirkadian ritmə uyğunlaşdırmağın vacibliyini vurğulayır. Onun sözlərinə görə, “xrononutrisiya” adlanan yeni qidalanma sahəsi artıq sübut edib ki, yediyimiz vaxt yediyimizin özü qədər önəmlidir.
2020-ci ildə aparılan bir araşdırmada qeyd olunub ki, eyni yeməyi saat 22:00-da yeyən insanlarda qan şəkəri 18:00-da yeyənlərlə müqayisədə 20 faiz yüksək olur və yağ yandırma qabiliyyəti 10 faiz azalır. Bu fərq insanların yatdığı vaxt eyni olsa belə müşahidə edilib.
Ekspertlər xəbərdarlıq edir ki, gec şam yeməyi hormon ifrazını, yuxu keyfiyyətini və maddələr mübadiləsini poza bilər. Qeyri-müntəzəm yemək saatları isə piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artırır.
Professor Norton qış aylarında şam yeməyini gecikdirməməyi tövsiyə edir. Onun sözlərinə görə, ən yaxşı seçim yeməyi axşam saat 8:00-dan gec olmayaraq bitirmək və yatmazdan əvvəl ən azı iki-üç saatlıq fasilə qoymaqdır. Həmçinin gündəlik kalori qəbulunun əsas hissəsinin gün işığı çox olan vaxt — səhər və nahar aralığında olması daha sağlam nəticə verir.
Tərcümə: Könül Oruc