“Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyi yeni adı ilə fəaliyyətini genişləndirərək ailə sağlamlığı, sağlam həyat tərzi və gələcək nəsillərin sağlamlığının qorunması istiqamətində layihələr həyata keçirməyi planlaşdırır.
E-saglam.az xəbər verir ki, bunu “Sağlam ailə, Sağlam cəmiyyət” İctimai Birliyinin sədri Emin Nəbili bildirib.
Onun sözlərinə görə, təşkilat əvvəlki fəaliyyətində regionlarda irsi xəstəliklər, onların yaranma səbəbləri və profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri keçirib. Qazanılan təcrübə isə fəaliyyət istiqamətlərinin genişləndirilməsi zərurətini ortaya qoyub.
E.Nəbili qeyd edib ki, ad dəyişikliyi əvvəlki missiyadan imtina deyil, mövcud təcrübəni daha geniş məqsədlərə yönəltmək və cəmiyyətə daha çox fayda vermək niyyətidir.
“Yeni adımızla irsi xəstəliklərlə bağlı maarifləndirməni davam etdirəcək, eyni zamanda ailələrin və uşaqların sağlamlığı, gənclərin məlumatlılığının artırılması, sağlam həyat tərzinin təşviqi və ailə dəyərlərinin qorunması istiqamətində layihələr həyata keçirəcəyik”, – deyə o bildirib.
Təşkilat sədri əlavə edib ki, bu məqsədlərə çatmaq üçün dövlət qurumları, təhsil və səhiyyə müəssisələri, ictimai təşkilatlar və cəmiyyətin fəal üzvləri ilə əməkdaşlığa xüsusi önəm veriləcək.
E.Nəbili vurğulayıb ki, əsas hədəf sağlam ailə dəyərlərini təşviq etmək, sosial məsuliyyəti artırmaq və cəmiyyətin sağlam gələcəyinə töhfə verməkdir.