Səhərlər baş ağrısı ilə oyanırsınız? Bu, sadəcə yuxusuzluqdan deyil, başqa sağlamlıq problemlərindən də qaynaqlana bilər.
E-saglam.az xəbər verir ki, baş ağrısının ən çox rast gəlinən səbəbləri stress, yuxu çatışmazlığı, susuzlaşma, uzun müddət ac qalmaq və boyun əzələlərinin gərginliyidir. Bəzi insanlarda isə miqren baş verir. Bu zaman güclü, döyüntülü ağrı ürəkbulanma, işığa və səsə həssaslıqla müşayiət oluna bilər.
Xüsusilə insanı yuxudan oyadan və ya səhər oyanan kimi hiss edilən baş ağrılarına diqqət yetirmək lazımdır. Bu hal xoruldama və yuxu zamanı nəfəsin dayanması ilə müşayiət olunan yuxu apnesi ilə əlaqəli ola bilər. Nadir hallarda isə kəllədaxili təzyiqin artması kimi ciddi səbəblərdən qaynaqlana bilər.
Əgər səhər baş ağrıları tez-tez təkrarlanırsa və getdikcə güclənirsə, həkimə müraciət etmək vacibdir. Ağrı qəfil və çox şiddətli başlayırsa, nitq və ya görmə pozğunluğu, zəiflik, yüksək hərarət və boyun sərtliyi ilə müşayiət olunursa, təcili tibbi yardım çağırılmalıdır.
Baş ağrısını adi hal kimi qəbul etməyin. Xüsusilə təkrarlanan ağrıların səbəbini müəyyənləşdirmək üçün vaxtında müayinədən keçin.
Könül Oruc