Xəbərlər
Səsi batan Ləman Qulamova Prezidentə
Xəbərlər
15

Səsi batan Ləman Qulamova Prezidentə müraciət edib

Ləman Qulamova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

E-saglam.az sözügedən müraciəti təqdim edir:

"Hörmətli cənab Prezident İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva!

Mən, Ləman Qulamova, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıyam. Hazırda keçirdiyim əməliyyatlar səbəbindən səsim çox zəif çıxır. Buna görə müraciətimi yazılı şəkildə çatdırmağa məcburam.

21 noyabr 2025-ci ildə Yasamalda baş verən yanğın zamanı çox ağır xəsarətlər aldım. 10 gün komada qaldım. Ayıldıqdan sonra nəfəs borumda 2 santimetr ölçüsündə fistul olduğunu öyrəndim. Bu səbəbdən nəfəs boruma polad dayaqlı stent yerləşdirildi. Lakin stent cəmi üç gün ərzində boğazıma ciddi zərər vurdu və nəticədə yemək borumda da 8 santimetr ölçüsündə fistul yarandı. Hazırda hər iki borumda fistul var.

Daha sonra yenidən stent yerləşdirildi. Bu stent iki ay ərzində boğazımda qaldı və infeksiyaya səbəb olaraq toxumaların ciddi zədələnməsinə gətirib çıxardı. Bundan sonra açıq əməliyyat keçirildi. Əməliyyat zamanı çənəm sinəmə tikildi və 15-20 gün bu vəziyyətdə ağır əzablar yaşadım. Təəssüf ki, əməliyyat da gözlənilən nəticəni vermədi və fistul bağlanmadı. Bir müddət sonra xəstəxanadan evə buraxıldım.

Həmin dövrdə jejunostomiya vasitəsilə qidalanırdım. Lakin bu üsul da məndə ürəkbulanma yaradırdı. Evdə vəziyyətim pisləşdikdən sonra müalicə üçün Türkiyəyə aparıldım. Orada endoskopik müalicələr və müxtəlif müdaxilələr aparıldı, stent yerləşdirildi. Ancaq bunlar da nəticə vermədi. Daha sonra yenidən açıq əməliyyat keçirildi və toxuma köçürülməsi həyata keçirildi. Lakin uzun müddət xəstəxanada qalmağım və bədənimdə mövcud olan infeksiya səbəbindən köçürülən toxuma tutmadı.

Hazırda ağızdan qidalana bilmirəm. Jejunostomiyam çıxarıldığı üçün qidalanmam damardaxili yolla təmin edilir. Sağalmağım üçün yenidən toxuma köçürülməsi əməliyyatı aparılmalıdır. Lakin indiyədək müalicə və əməliyyat xərclərini qarşılamaq üçün əlimizdən gələn hər şeyi etmişik. Yaxınlarımızın, dostlarımızın və yardımsevər insanların dəstəyi ilə bu günə qədər mübarizə aparmışıq. Artıq maddi imkanlarımız tükənib.

Mən təxminən 10 aydır ki, ağızdan qidalana bilmirəm. Qarşıda məni uzunmüddətli müalicə və xəstəxanada qalmağı tələb edən çətin bir proses gözləyir. Təəssüf ki, ailəmizin bu xərcləri təkbaşına qarşılamaq imkanı yoxdur.

Hörmətli cənab Prezident və hörmətli Mehriban xanım, Sizə böyük ümidlə müraciət edirəm. Çox yorulmuşam, amma sağalmaq və normal həyata qayıtmaq istəyirəm. Xahiş edirəm, müalicəmin və zəruri əməliyyatlarımın davam etdirilməsi üçün mənə maddi yardım göstərilməsinə dəstək olasınız.

Müraciətimi diqqətə aldığınız və mənə kömək edəcəyiniz ümidi ilə Sizə əvvəlcədən təşəkkürümü bildirirəm.

Hörmətlə,
Ləman Qulamova". 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun