Burun axıntısı, öskürək və qızdırma ilə müşayiət olunan soyuqdəymə bəzi hallarda sinusit, bronxit və ya pnevmoniya kimi ağırlaşmalara səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, terapevt İrina Nalimova xəstəliyin adi soyuqdəymədən daha ciddi hala gəldiyini göstərən əlamətləri açıqlayıb.
Həkimin sözlərinə görə, ilk təhlükəli əlamət qızdırmanın yenidən yüksəlməsidir. Xüsusilə insan özünü yaxşı hiss etməyə başladıqdan sonra temperaturun təkrar qalxması və ya 38 dərəcədən yuxarı qızdırmanın üç-beş gün davam etməsi diqqət tələb edir.
İkinci əlamət nəfəs darlığıdır. İstirahət zamanı və ya yüngül fiziki hərəkət zamanı nəfəs almaqda çətinlik yaranarsa, bu, tənəffüs sistemində ciddi problemə işarə edə bilər. Sinədə ağrı və ya sıxılma hissi, xüsusilə nəfəs alarkən ağrının artması da təhlükəli simptomlar sırasındadır.
Öskürəyin xarakterinin dəyişməsi də diqqətdən kənarda qalmamalıdır. Öskürəyin dərinləşməsi, bəlğəmin artması və xüsusilə bəlğəmdə qan görünməsi həkimə müraciət etmək üçün ciddi səbəbdir.
Terapevt qeyd edib ki, burun tutulması və baş ağrısı 7-10 gün ərzində keçmirsə, üz nahiyəsində ağrı və sinuslarda təzyiq yaranırsa, bu, sinusitin əlaməti ola bilər. Qulaqda kəskin ağrı və eşitmənin zəifləməsi isə otitdən xəbər verə bilər.
Digər təhlükəli əlamətlər arasında güclü halsızlıq, süstlük, yeməkdən imtina və şüurun qarışması yer alır. Adətən soyuqdəymə 7-10 gün ərzində yaxşılaşır. Lakin simptomlar uzanır və ya getdikcə ağırlaşırsa, tibbi müayinə vacibdir.
Nalimova bildirib ki, beş yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı şəxslər, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar və siqaret çəkənlər ağırlaşma riski baxımından daha diqqətli olmalıdırlar. Bu şəxslər vəziyyətləri pisləşdikdə həkimə gecikmədən müraciət etməlidirlər.
Könül Oruc