Futuroloq Yevgeni Kuznetsov internetin bütün dünyada tamamilə kəsilməsi halında baş verə biləcək fəsadları açıqlayıb.
E-saglam.az xəbər verir ki, ekspertin sözlərinə görə, belə bir vəziyyətdə ən çox kabel internet infrastrukturu zəif olan, daxili rəqəmsal imkanları məhdud və xarici bulud xidmətlərindən asılı ölkələr zərər görəcək. Bununla belə, bütün ölkələr üçün internet bağlantısının bərpası həyati əhəmiyyət daşıyacaq.
Kuznetsov bildirib ki, dünyanın ayrı-ayrı lokal internet şəbəkələrinə parçalanması qlobal iqtisadiyyata ciddi zərbə vuracaq. Onun fikrincə, bunun nəticələri böyük dünya müharibəsinin yaratdığı iqtisadi geriləmə ilə müqayisə oluna bilər. Lakin belə bir ssenaridə iqtisadiyyatın əvvəlki səviyyəyə qayıtması daha çətin olacaq.
Futuroloq qeyd edib ki, internetin tamamilə sıradan çıxması yalnız rabitə və informasiya mübadiləsinə deyil, həm də müasir iqtisadi sistemə ciddi təsir göstərəcək.
Ekspertin fikrincə, son iki əsrdə texnoloji inkişafın əsas məqsədlərindən biri əhalinin artımı fonunda yaranan aclıq və ərzaq çatışmazlığı risklərini azaltmaq olub. Buna görə də texnoloji tərəqqidən geri çəkilmək və əvvəlki həyat tərzinə qayıtmaq cəhdi ciddi fəsadlara yol aça bilər.
Könül Oruc