Sinənin sol tərəfində yaranan ağrı və sancılar bir çox insanda narahatlıq yaradır. Bəzən bu hisslər sinir və əzələ problemləri ilə bağlı olsa da, ürək xəstəliklərinin də əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, ürək ağrısını nevralgiyadan ayırmağa kömək edən əsas xüsusiyyətlər var.
Nevralgiya zamanı ağrı adətən kəskin, sancıcı və batıcı olur. İnsan ağrının yerini dəqiq göstərə bilir. Həmin nahiyəyə toxunduqda və ya basdıqda ağrı arta bilər. Dərin nəfəs almaq, öskürmək, bədəni çevirmək və qolu hərəkət etdirmək də ağrını gücləndirə bilər.
Ürək mənşəli ağrılar isə daha çox sinədə sıxılma, təzyiq və yanma hissi ilə özünü göstərir. Ağrı fiziki hərəkət və ya emosional gərginlik zamanı yarana, sol qola, çiyinə, kürəyə, boyuna və aşağı çənəyə yayıla bilər. Nevralgiyadan fərqli olaraq, adətən bədənin vəziyyətindən və nəfəs almaqdan asılı olmur.
Ağrının müddəti də müəyyən ipucları verə bilər. Nevralji ağrılar saniyələrdən saatlara, bəzən isə günlərə qədər davam edə bilər. Ürək mənşəli stenokardiya ağrısı çox vaxt bir neçə dəqiqə çəkir. İstirahətdə yaranan və 15 dəqiqədən çox davam edən sıxıcı sinə ağrısı isə xüsusilə təhlükəlidir.
Həkim həmçinin stress, narahatlıq və panik atak zamanı da ürək nahiyəsində ağrı, sancı və ürəkdöyünmə hissinin yarana biləcəyini qeyd edib. Bu vəziyyət kardionevroz adlandırılır. Lakin belə şikayətləri müayinə aparılmadan yalnız stresslə əlaqələndirmək düzgün deyil.
Sinədə sıxıcı ağrı, nəfəs darlığı, soyuq tər, qəfil zəiflik və başgicəllənmə yaranarsa, dərhal təcili yardım çağırılmalıdır. Ürək tutması zamanı bütün əlamətlərin eyni anda müşahidə olunması vacib deyil.
Təkrarlanan sinə ağrılarının səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək, lazım gəldikdə EKQ və digər müayinələrdən keçmək tövsiyə olunur.
Könül Oruc