Yaddaşın zəifləməsi təkcə yaşla bağlı deyil. Gündəlik həyat tərzi, yuxu rejimi, qidalanma və bəzi zərərli vərdişlər də beynin fəaliyyətinə mənfi təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssis Anna Çatskaya yaddaşa zərər verə bilən 7 vərdişə diqqət çəkib.
1. Gec yatmaq
Yuxu zamanı beyin gün ərzində əldə etdiyi məlumatları emal edir və onların uzunmüddətli yaddaşa ötürülməsində iştirak edir. Keyfiyyətsiz və kifayət qədər olmayan yuxu diqqətə, öyrənmə qabiliyyətinə və yaddaşa mənfi təsir göstərə bilər. Yuxu həmçinin beyində maddələr mübadiləsi nəticəsində yaranan tullantıların xaric edilməsində mühüm rol oynayır.
2. Yatmazdan əvvəl uzun müddət telefondan istifadə etmək
Axşam saatlarında smartfon, planşet və digər elektron cihazlardan uzun müddət istifadə yuxu rejimini poza bilər. Xüsusilə ekranlardan yayılan işıq melatonin hormonunun ifrazına təsir göstərərək yuxuya getməyi çətinləşdirə bilər. Bu isə dolayısı ilə yaddaş və diqqətə mənfi təsir edir.
3. Eyni anda bir neçə işlə məşğul olmaq
Davamlı olaraq bir işdən digərinə keçmək və fasiləsiz işləmək diqqətin bölünməsinə səbəb olur. Bu zaman beyin məlumatları daha çətin emal edir. İstirahətə vaxt ayırmamaq isə zehni yorğunluğu artıraraq yaddaşın və diqqətin zəifləməsinə gətirib çıxara bilər.
4. Fiziki hərəkətsizlik
Oturaq həyat tərzi yalnız bədən sağlamlığına deyil, beyin fəaliyyətinə də təsir göstərir. Müntəzəm fiziki aktivlik beyinə qan axınını dəstəkləyir, öyrənmə və yaddaşla əlaqəli proseslərə müsbət təsir edir. Hərəkətsizlik isə bu faydalardan yararlanmağa mane olur.
5. Əşyaları daim dağınıq saxlamaq
İş və yaşayış mühitindəki dağınıqlıq diqqətin yayınmasına səbəb ola bilər. Ətrafda çoxlu əşyanın olması beynin diqqətini əsas işdən yayındırır və zehni yükü artırır. Əşyaları qaydasında saxlamaq diqqəti toplamağı asanlaşdıra bilər.
6. Spirtli içki və siqaret istifadəsi
Spirtli içkilərin həddindən artıq və müntəzəm qəbulu yaddaş və öyrənmə proseslərində iştirak edən beyin strukturlarına, xüsusilə hipokampa zərər verə bilər. Uzunmüddətli alkoqol istifadəsi B1 vitamini çatışmazlığına da səbəb ola bilər. Siqaret isə damar sağlamlığına mənfi təsir göstərərək beynin qanla təminatını poza bilər.
7. Yeni bilik və təcrübələrdən uzaq qalmaq
Gündəlik həyatın daim eyni qaydada davam etməsi və zehni fəaliyyətin məhdudlaşması beynin yeni məlumatlarla işləmək imkanlarını azalda bilər. Kitab oxumaq, yeni bacarıqlar öyrənmək, fərqli fəaliyyətlərlə məşğul olmaq beyin fəaliyyətini stimullaşdırır və neyroplastikliyin qorunmasına kömək edir.
Anna Çatskayanın sözlərinə görə, öyrənmə və yaddaş bir çox amildən asılı olan mürəkkəb proseslərdir. Genetik xüsusiyyətlər, ətraf mühit, sağlamlıq vəziyyəti və qəbul edilən dərmanlar da bu proseslərə təsir göstərə bilər. Yaddaşda davamlı və nəzərəçarpan zəifləmə hiss edilərsə, bunu yalnız gündəlik vərdişlərlə əlaqələndirmək olmaz. Belə hallarda həkimə müraciət etmək vacibdir.
Könül Oruc