Psixologiya
Yorğun insan niyə
Psixologiya
154

Yorğun insan niyə yuxuya gedə bilmir?

İnsan bəzən gün ərzində çox yorulsa da, gecə yatağa uzandıqda yuxuya gedə bilmir. Bunun səbəbi hər zaman yuxusuzluq deyil. Bəzən yorğunluqla yuxululuq bir-birinə qarışdırılır.

E-saglam.az xəbər verir ki, Rusiya Somnoloqlar Cəmiyyətinin prezidenti, professor və Rusiyanın əməkdar həkimi Roman Buzunov bu barədə danışarkən yorğunluqla yuxululuğun fərqli anlayışlar olduğunu bildirib. Onun sözlərinə görə, yorğunluq insanın özünü əldən düşmüş hiss etməsidir, yuxululuq isə orqanizmin yuxuya olan fizioloji ehtiyacıdır.

Professor qeyd edib ki, insan iş gününün sonunda fiziki və zehni baxımdan çox yorğun ola bilər. Lakin buna baxmayaraq, sinir sistemi hələ də gərgin vəziyyətdə qala bilər. Gün ərzində yaşanan problemlər, narahatlıqlar və növbəti günün planları barədə düşünmək beynin sakitləşməsinə mane olur. Belə vəziyyətdə orqanizm istirahətə ehtiyac duysa da, insanın yuxuya keçməsi çətinləşir.

Mütəxəssis yuxuya getməyi gecikdirməyin başqa bir səbəbinə də diqqət çəkib. Bu, insanın gün ərzində özünə vaxt ayıra bilmədiyi üçün gecə yatmağı təxirə salmasıdır. Psixologiyada bu hal “yuxunu təxirə salma” kimi tanınır.

Belə insanlar üçün gecə saatları şəxsi vaxtın yeganə fürsətinə çevrilir. Onlar yatmaq əvəzinə telefonda vaxt keçirir, sosial şəbəkələrə baxır və müxtəlif videolar izləyirlər. Bu fəaliyyətlər insana qısa müddətli rahatlıq və sərbəstlik hissi versə də, yuxuya getmə vaxtını gecikdirir.

Roman Buzunovun fikrincə, belə hallarda problem hər zaman yuxu mexanizminin pozulması ilə bağlı olmur. Bəzən əsas səbəb gündəlik həyat tərzidir: insan istirahətə və şəxsi vaxtına yalnız günün son saatlarında imkan tapır. Buna görə də yuxu rejimini yaxşılaşdırmaq üçün gün ərzində də özünə vaxt ayırmaq, yatmazdan əvvəl zehni gərginliyi azaltmaq və telefon istifadəsini məhdudlaşdırmaq vacibdir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun