29 oktyabr tarixində “World” Təhsil və İnkişaf Platformasının fəaliyyətə başlamasının 13-cü ildönümü münasibətilə “World Networking Day” tədbiri keçirilib.
E-saglam.az xəbər verir ki, tədbirdə platformanın dostları, illər ərzində əməkdaşlıq etdiyi tərəfdaşlar və müxtəlif sahələri təmsil edən sahibkarlar bir araya gəlib. Təxminən 80 nəfərin iştirak etdiyi görüşdə tikinti, maliyyə, hüquq, təhsil, psixologiya və digər sahələrdən olan iş adamları ilə yanaşı, rəsmi qonaqlar da iştirak ediblər.
Tədbir millət vəkili Ceyhun Məmmədovun çıxışı ilə başlayıb. O, bu cür görüşlərin işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, “World” Təhsil və İnkişaf Platformasının fəaliyyətini və həyata keçirdiyi təşəbbüsləri müsbət qiymətləndirib.
Daha sonra qonaqlara platformanın 13 illik fəaliyyəti, həyata keçirdiyi təhsil layihələri, təşkil etdiyi forumlar və seminarlar, eləcə də tədris istiqamətləri haqqında ətraflı məlumat verilib.
Gecənin davamında sahibkarlar arasında müxtəlif networking oyunları təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.
Tədbir iştirakçılar arasında yeni tanışlıqların yaranmasına, işgüzar əlaqələrin möhkəmlənməsinə və gələcək əməkdaşlıqlar üçün yeni imkanların formalaşmasına şərait yaradıb. “World Networking Day” bir daha fərqli sahələrin nümayəndələrini ortaq platformada birləşdirərək yeni layihələrə və tərəfdaşlıqlara zəmin yaradıb.