Siqaretin ağciyərlərə və ürəyə zərər verdiyi məlumdur. Lakin onun orqanizmi vaxtından əvvəl qocaltdığı, dərinin görünüşünü dəyişdirdiyi və hüceyrələrin yenilənməsinə mənfi təsir göstərdiyi o qədər də diqqət çəkmir.
E-saglam.az xəbər verir ki, nevroloq, professor Derya Uluduzun sözlərinə görə, siqaret çəkmək həm dərinin, həm də hüceyrələrin qocalma prosesini sürətləndirir. Eyni yaşda olan iki insandan siqaret çəkən şəxsin daha yaşlı görünməsinin səbəblərindən biri də budur.
Siqaret hüceyrələrin qocalmasını sürətləndirir
Xromosomların uclarında yerləşən telomerlər hüceyrələrin qorunmasında mühüm rol oynayır. Hüceyrələr bölündükcə telomerlər tədricən qısalır. Bu, təbii qocalma prosesinin bir hissəsidir. Lakin siqaret tüstüsünün yaratdığı oksidləşdirici stress bu prosesi sürətləndirə bilər.
Telomerlərin qısalması hüceyrələrin yenilənmə qabiliyyətinin zəifləməsi ilə əlaqələndirilir. Bu dəyişikliklər dərinin vəziyyətinə, toxumaların bərpasına və ümumi sağlamlığa təsir göstərə bilər.
Siqaretin orqanizmdə yaratdığı 5 əsas dəyişiklik
1. Xroniki iltihabı artırır
Siqaret tüstüsündəki zərərli maddələr orqanizmdə oksidləşdirici stress və iltihabi prosesləri gücləndirir. Bu vəziyyət qan damarlarına, dəriyə və digər toxumalara mənfi təsir göstərə bilər.
2. Hüceyrələrə zərər verir
Siqaret tüstüsünün tərkibində 7000-dən çox kimyəvi maddə var. Onların bir hissəsi kanserogen, yəni xərçəng yaratma potensialına malik maddələrdir. Bu kimyəvi birləşmələr DNT-yə və hüceyrələrin enerji istehsal edən strukturlarına zərər verə bilər.
3. Kollagen və elastinin azalmasına səbəb olur
Kollagen və elastin dərinin möhkəmliyini və elastikliyini qoruyan əsas zülallardır. Siqaret dəriyə qan axınını azaldır, kollagenin parçalanmasını sürətləndirir. Nəticədə dəridə qırışlar, sallanma, solğun və bozumsu rəng, xüsusilə də dodaqların ətrafında xırda xətlər daha tez yarana bilər. Buna tibbdə "siqaret çəkən üzü" də deyilir.
4. Beynin fəaliyyətinə mənfi təsir göstərir
Nikotin qısa müddətə ayıqlıq hissi yaratsa da, siqaret çəkmək uzunmüddətli perspektivdə beyin və damar sağlamlığına zərər verir. Beyinə qan axınının pozulması diqqət və yaddaş problemləri ilə əlaqələndirilir. Siqaret çəkənlərdə insult və demensiya riski də daha yüksəkdir.
5. Orqanizmin bərpa prosesini zəiflədir
Siqaret toxumaların oksigenlə təminatını pisləşdirir. Bu səbəbdən yaraların sağalması ləngiyə, dəri zədələnmələri daha gec bərpa oluna bilər. İmmunitet sisteminin fəaliyyəti də mənfi təsirə məruz qalır.
Siqareti tərgitdikdən sonra bədəndə nə dəyişir?
Siqareti dayandırdıqdan sonra orqanizm bərpa prosesinə başlayır. İlk saatlardan etibarən ürək döyüntüsü və qanda karbonmonoksidin səviyyəsi normallaşmağa doğru dəyişir. Sonrakı həftə və aylarda qan dövranı və ağciyər funksiyası yaxşılaşa bilər. Zaman keçdikcə ürək-damar xəstəlikləri və xərçəng riski də azalır.
Dəridəki bəzi dəyişikliklər zamanla yaxşılaşa bilsə də, yaranmış dərin qırışların tamamilə yox olması gözlənilmir.
Mütəxəssislər vurğulayırlar ki, siqareti tərgitmək üçün gec deyil. Bu addım yalnız daha gənc görünmək deyil, ürək, ağciyər, beyin və ümumi sağlamlığı qorumaq baxımından da böyük əhəmiyyət daşıyır.
Könül Oruc