Alimlər immun sisteminin qressiv ağciyər xərçənginə qarşı mübarizə apara bilən hüceyrələrini müəyyən ediblər. Araşdırma göstərib ki, bu hüceyrələr xərçəngin digər immun müdafiə mexanizmlərindən yayınmasına baxmayaraq, şiş hüceyrələrini tanıyıb məhv edə bilər.
E-saglam.az xəbər verir ki, Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri kiçik hüceyrəli ağciyər xərçəngində qamma-delta T hüceyrələrinin rolunu araşdırıblar. Nəticələr “Cancer Cell” jurnalında dərc olunub.
Kiçik hüceyrəli ağciyər xərçəngi sürətlə yayılan və müalicəsi çətin olan xərçəng növlərindən biridir. Bu xəstəliyin xüsusiyyətlərindən biri də bəzi immunoterapiya üsullarının hədəf aldığı immun hüceyrələrindən yayınmaq qabiliyyətidir. Yeni araşdırma isə immun sisteminin xərçəngə qarşı başqa bir müdafiə yolunun da ola biləcəyini göstərib.
Tədqiqatçılar əvvəlcə iki böyük klinik sınağın məlumatlarını təhlil ediblər. Nəticələrə əsasən, şişlərində qamma-delta T hüceyrələri daha çox olan xəstələrin immunoterapiyadan daha çox fayda görməsi arasında əlaqə müşahidə edilib.
Daha sonra alimlər xəstələrdən götürülmüş nümunələr əsasında laboratoriyada kiçik şiş modelləri yetişdiriblər. Eyni xəstələrin qanından əldə edilən qamma-delta T hüceyrələri bu modellərə əlavə olunub. Hüceyrələr xərçəng hüceyrələrini tanıyaraq məhv edə bilib.
Araşdırmada iki dərmanın təsiri də yoxlanılıb. Zoledronat qamma-delta T hüceyrələrinin aktivliyini və xərçəng hüceyrələrini tanıma qabiliyyətini artırmağa kömək edib. Tarlatamab isə immun hüceyrələri ilə xərçəng hüceyrələrini bir-birinə yaxınlaşdırıb. Bu dərmanların birlikdə istifadəsi laboratoriya modelində immun hücumunu gücləndirib.
Alimlər gələcəkdə bu hüceyrələri laboratoriya şəraitində çoxaldaraq xəstələrə geri köçürmək imkanını da araşdırırlar. Bununla belə, nəticələr hələ yeni müalicə üsulunun hazır olduğu demək deyil. Yanaşmanın təhlükəsizliyini və effektivliyini təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Könül Oruc