Udqunarkən və ya əsnəyərkən qulağın tutulması bir çox insanda rast gəlinən haldır. Bu zaman səslər boğuq eşidilə və qulaqda təzyiq hissi yarana bilər.
E-saglam.az xəbər verir ki, həkim və genetik məsləhətçi İrina Nalimova bu vəziyyətin əsas səbəblərini açıqlayıb.
Həkimin sözlərinə görə, orta qulaq Yevstaxi borusu vasitəsilə burun-udlaqla birləşir. Bu boru qulaq pərdəsinin hər iki tərəfindəki təzyiqi tarazlaşdırır. Udqunma zamanı boru açılır və hava keçidi təmin olunur. Lakin boruda şişkinlik yaranarsa və ya o, düzgün açılmazsa, qulaqda tutulma hissi meydana gələ bilər.
Bu problemin ən çox rast gəlinən səbəbləri soyuqdəymə, burun axması və allergiyadır. Belə hallarda burun və burun-udlaq selikli qişasının şişməsi Yevstaxi borusunun fəaliyyətinə mane olur. Sinusit, uşaqlarda adenoidlərin böyüməsi, burun çəpərinin əyriliyi və burun polipləri də qulaq tutulmasına səbəb ola bilər.
Təyyarə ilə uçarkən, dağa qalxarkən və ya suyun dərinliyinə enərkən təzyiqin dəyişməsi də qulaqda tutulma yarada bilər. Belə hallarda udqunmaq, əsnəmək və ya saqqız çeynəmək təzyiqin tarazlaşmasına kömək edə bilər. Bəzi hallarda isə qulaq infeksiyaları və çənə oynağındakı problemlər bu hissə səbəb olur.
Həkim soyuqdəymə zamanı burunu duzlu məhlullarla təmizləməyi və otağın havasını nəmləndirməyi tövsiyə edir. Burun açıcı damcılardan isə həkim məsləhəti ilə və adətən üç-beş gündən artıq olmamaq şərtilə istifadə edilməlidir. Allergiya zamanı uyğun müalicə də simptomları azalda bilər.
Qulaqdakı tutulma bir həftədən çox davam edərsə və ya ağrı, qızdırma, qulaqdan axıntı, küy, başgicəllənmə və eşitmənin zəifləməsi ilə müşayiət olunarsa, otorinolarinqoloqa müraciət etmək lazımdır. Vaxtında müayinə problemin səbəbini müəyyənləşdirməyə və uyğun müalicəyə başlamağa kömək edir.