Diyetoloq Rayan Geiger ayaq əzələlərində yaranan qıcolmaları azaltmaq üçün turşu suyunun kömək edə biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, mütəxəssis bu barədə “Woman’s World” nəşrinə danışıb.
Geigerin sözlərinə görə, turşu suyu bəzi insanlarda əzələ spazmlarının daha tez dayanmasına kömək edə bilər. Əvvəllər bunun tərkibindəki natrium və digər elektrolitlərlə əlaqəli olduğu düşünülsə də, onların orqanizm tərəfindən sorulması müəyyən vaxt tələb edir. Buna görə də turşu suyunun mümkün təsirinin başqa mexanizmlə bağlı ola biləcəyi ehtimal edilir.
Diyetoloq bu təsirdə sirkə turşusunun rol oynaya biləcəyini qeyd edib. Ehtimala görə, turş dad ağız və boğazdakı sinir reseptorlarını stimullaşdıraraq əzələ qıcolmalarının azalmasına təsir göstərə bilər. Lakin bu mexanizm tam aydınlaşdırılmayıb.
Məqalədə Harvard Tibb Məktəbinin araşdırmasına da istinad edilir. Həmin araşdırmada gecə əzələ qıcolmaları yaşayan şəxslərdə 15 millilitr turşu suyunun qıcolmanın davametmə müddətini azalda biləcəyi göstərilib. Geiger sarı xardalın da oxşar təsir göstərə biləcəyini bildirib.
Qeyd edək ki, turşu suyunun hər kəsdə qıcolmaları dərhal aradan qaldırdığı sübut edilməyib. Ayaq qıcolmaları tez-tez təkrarlanırsa, uzun müddət davam edirsə və ya ağrı, şişkinlik kimi əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək vacibdir.
Könül Oruc