Tibbi xəbərlər
Diabetin qarşısını vaxtında almaq üçün
Tibbi xəbərlər
14

Diabetin qarşısını vaxtında almaq üçün endokrinoloqdan 3 məsləhət

Şəkərli diabet riskini azaltmaq üçün yalnız şirniyyatdan imtina etmək kifayət deyil. Düzgün qidalanma, fiziki aktivlik və stressin idarə olunması da mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, endokrinoloq və dietoloq Anton Polyakov diabet riskini azaltmaq üçün gündəlik vərdişlərə diqqət yetirməyi tövsiyə edib.

Həkimin ilk məsləhəti qidalanmanı qaydaya salmaqdır. Qəbul edilən kalorinin miqdarı orqanizmin enerji ehtiyacına uyğun olmalıdır. Artıq çəki, xüsusilə qarın nahiyəsində piylənmə, 2-ci tip diabet riskini artıra bilər. Buna görə də qidalanmada zülal, faydalı yağlar və karbohidratların balansına diqqət yetirmək, şirniyyatları, rafinə edilmiş karbohidratları, fast food və həddindən artıq emal olunmuş məhsulları məhdudlaşdırmaq vacibdir.

İkinci məsləhət fiziki aktivliyi artırmaqdır. Hərəkətsiz həyat tərzi artıq çəki və insulinə həssaslığın azalması ilə əlaqəli ola bilər. Müntəzəm gəzinti və digər fiziki fəaliyyətlər qanda şəkərin tənzimlənməsinə və sağlam çəkinin qorunmasına kömək edir.

Üçüncü məqam stressin idarə olunmasıdır. Uzunmüddətli stress yuxuya, qidalanma vərdişlərinə və qan şəkərinin tənzimlənməsinə mənfi təsir göstərə bilər. Buna görə də kifayət qədər yatmaq, istirahətə vaxt ayırmaq və ehtiyac olduqda mütəxəssis dəstəyi almaq faydalıdır.

Qeyd edək ki, şəkərli diabetin qarşısının alınması üçün hər kəsə uyğun vahid üsul yoxdur. Qida əlavələrinin diabetdən qoruduğuna dair ümumi nəticə çıxarmaq olmaz. Onları yalnız tibbi göstəriş olduqda və həkim məsləhəti ilə qəbul etmək lazımdır. Ailəsində diabet olan, artıq çəkisi olan və ya digər risk amilləri daşıyan şəxslərin qan şəkərini yoxlatdırması da vacibdir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun