Tibbi xəbərlər
Bədəniniz bu siqnalları verirsə,
Tibbi xəbərlər
19

Bədəniniz bu siqnalları verirsə, yod çatışmazlığından şübhələnin

Payız aylarında bir çox insan səhərlər yorğun oyanır, gün ərzində halsızlıq və enerji azlığı hiss edir. Bu vəziyyət çox vaxt havaların dəyişməsi və günəşli saatların azalması ilə əlaqələndirilsə də, bəzi hallarda səbəb orqanizmdə yod çatışmazlığı ola bilər.

E-saglam.az xəbər verir ki, endokrinoloq Mariya Stelmaxın sözlərinə görə, yod qalxanabənzər vəzinin normal fəaliyyəti üçün vacib elementdir. Bu mineral qalxanabənzər vəz hormonlarının istehsalında iştirak edir. Həmin hormonlar isə maddələr mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır.

Yetkin insanın gündəlik yod ehtiyacı təxminən 150 mikroqramdır. Orqanizmdə yod çatışmazlığı yarandıqda ilkin mərhələdə yorğunluq, halsızlıq və enerji azlığı müşahidə oluna bilər. Çatışmazlıq uzun müddət davam edərsə, qalxanabənzər vəzinin fəaliyyəti zəifləyə, maddələr mübadiləsi ləngiyə bilər. Bu zaman çəki artımı, şişkinlik və qadınlarda menstruasiya pozuntuları da yarana bilər.

Yodun əsas qida mənbələrindən biri balıq və dəniz məhsullarıdır. Endokrinoloq treska, mintay və digər ağ balıq növlərinin rasiona daxil edilməsini tövsiyə edir. Balıq həmçinin orqanizmi zülal və selenlə təmin edir. Onu həftədə iki-üç dəfə yemək faydalı ola bilər.

Mütəxəssis bildirir ki, balığın uzun müddət bişirilməsi tərkibindəki yodun bir hissəsinin itirilməsinə səbəb ola bilər. Buna görə də onu qaynatmaq, buxarda və ya sobada bişirmək daha məqsədəuyğundur.

Qeyd edək ki, yorğunluq və çəki artımı müxtəlif sağlamlıq problemləri ilə bağlı ola bilər. Yod çatışmazlığını yalnız bu əlamətlərə əsasən müəyyən etmək mümkün deyil. Şübhə yarandıqda həkimə müraciət etmək və lazım olan müayinələrdən keçmək vacibdir. Yod preparatlarını isə həkim məsləhəti olmadan qəbul etmək olmaz.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun