Dietoloq Nikola Ludlam-Reyn bağırsaq sağlamlığı üçün ən faydalı çörək növünün mayalı çörək olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, mütəxəssis mağazalarda satılan adi sendviç çörəyi əvəzinə təbii maya ilə hazırlanan çörəyə üstünlük verməyi tövsiyə edib.
Onun sözlərinə görə, təbii maya ilə hazırlanan çörək fermentasiya prosesindən keçir. Bu proses onun tərkibindəki bəzi maddələrin parçalanmasına kömək edir və həzmini asanlaşdıra bilər.
Diyetoloq qeyd edib ki, bu çörəyin bir dilimində 5 qrama qədər lif ola bilər. Bu isə böyüklər üçün tövsiyə olunan gündəlik lif miqdarının təxminən 17 faizinə bərabərdir.
Ludlam-Reyn vurğulayıb ki, qidalanmada müxtəlif lif mənbələrinə yer vermək vacibdir. Çünki fərqli lif növləri bağırsaqların fəaliyyətinə və mikrobiomun tərkibinə müxtəlif yollarla müsbət təsir göstərir.
Mütəxəssis həmçinin bildirib ki, qidalanma tərzi bağırsaq sağlamlığı ilə yanaşı, yoğun bağırsaq xərçəngi riski ilə də əlaqəlidir. Bununla belə, konkret bir çörək növünün xərçəng riskini azaltdığını və ya artırdığını demək üçün əlavə elmi sübutlar tələb olunur.
Könül Oruc