Sakit vəziyyətdə nəbzin dəqiqədə 50-dən aşağı olması hər zaman təhlükə əlaməti deyil. Lakin bəzi hallarda bu vəziyyət ciddi sağlamlıq probleminə işarə edə bilər.
E-saglam.az xəbər verir ki, kardioloq Nadejda Kesyan bildirib ki, tibbdə ürək döyüntüsünün dəqiqədə 60-dan aşağı olması bradikardiya adlanır. Bəzi insanlarda, xüsusilə idmançılarda və müntəzəm məşq edənlərdə nəbzin 40-50 olması fizioloji xüsusiyyət hesab edilə bilər. Yuxu zamanı da ürək döyüntüsü təbii olaraq azalır.
Həkimin sözlərinə görə, əsas diqqət insanın özünü necə hiss etməsinə yönəldilməlidir. Davamlı zəiflik, başgicəllənmə, fiziki hərəkət zamanı nəfəs darlığı, gözlərin qaralması, sinədə sıxılma və aşağı təzyiq aşağı nəbzin narahatlıq doğuran əlamətləri ola bilər. Belə hallarda kardioloqa müraciət etmək lazımdır.
Bradikardiyanın səbəbləri arasında ürəyin elektrik keçiriciliyində pozğunluqlar, qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi, bəzi dərmanların qəbulu və kalium, maqnezium, kalsium balansının pozulması da var.
Mütəxəssis xəbərdarlıq edir ki, nəbz dəqiqədə 45-50-dən aşağı düşürsə və bu vəziyyət huşun itirilməsi, sinədə ağrı, istirahət zamanı kəskin nəfəs darlığı, qəfil solğunluq və soyuq tərlə müşayiət olunursa, dərhal təcili yardım çağırılmalıdır.
Həkim həmçinin özbaşına dərman, enerji içkisi və ya yüksək dozada kofein qəbul edərək nəbzi sürətləndirməyə çalışmağı məsləhət görmür. Bu cür müdaxilələr ürək ritminin pozulmasına səbəb ola bilər.
Könül Oruc