Tibbi xəbərlər
Ən təhlükəli
Tibbi xəbərlər
107

Ən təhlükəli aşağı təzyiq

Qan təzyiqi iki göstəricidən ibarətdir: sistolik (yuxarı) və diastolik (aşağı) təzyiq. Uzun müddət həkimlər əsasən yuxarı göstəriciyə diqqət yetirsələr də, aşağı təzyiqdəki ciddi dəyişikliklər də sağlamlıq üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, bu barədə Krasnodardakı Euroonco Klinikasının kardioloqu Nadejda Kesya danışıb.

Mütəxəssis diastolik təzyiqin 110 mm civə sütunundan yüksək, 50-60 mm civə sütunundan aşağı olmasını, eləcə də yuxarı və aşağı göstəricilər arasındakı fərqin kəskin azalmasını təhlükəli hallar sırasında qeyd edib.

Həkimin sözlərinə görə, diastolik təzyiqin 110 mm civə sütunu və daha yüksək olması damar müqavimətinin artması ilə əlaqəli ola bilər. Bu vəziyyət insult, infarkt, böyrək zədələnməsi və hipertonik böhran riskini artırır. Təzyiqin 180/110 mm civə sütunu və ya daha yüksək olması isə təcili tibbi qiymətləndirmə tələb edir.

Yuxarı və aşağı təzyiq arasındakı fərqin 20 mm civə sütunundan az olması da ciddi siqnal hesab edilir. Normal nəbz təzyiqi, yəni bu iki göstərici arasındakı fərq adətən 30-40 mm civə sütunu təşkil edir. Bu fərqin azalması kəskin ürək çatışmazlığı, miokard infarktı, miokardit və ya ürək tamponadası kimi ciddi problemlərlə əlaqəli ola bilər.

Kardioloq bildirib ki, qan təzyiqi qiymətləndirilərkən insanın yaşı və ümumi sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır. Gənclərdə diastolik təzyiqin yüksəlməsi stress və böyrək damarları ilə bağlı problemlərlə əlaqəli ola bilər. Yaşlı insanlarda isə aşağı diastolik təzyiqin yüksək sistolik təzyiqlə birlikdə müşahidə olunması təzyiqsalıcı dərmanların istifadəsində xüsusi diqqət tələb edir.

Mütəxəssis diastolik təzyiqin davamlı olaraq 95-100 mm civə sütunundan yüksək olduğu hallarda böyrəklərin, endokrin sistemin və yuxu keyfiyyətinin də qiymətləndirilməsini tövsiyə edib.

Əgər təzyiqdəki dəyişikliklər sinədə sıxıcı ağrı, qol və ayaqlarda zəiflik və ya keyimə, nitq pozuntusu, nəfəs darlığı, görmənin qəfil pisləşməsi və ya qəfil başlayan çox şiddətli baş ağrısı ilə müşayiət olunursa, dərhal təcili tibbi yardım çağırılmalıdır.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun