Qaraciyər orqanizmdə zülal sintezi, yağ və karbohidrat mübadiləsi, öd istehsalı və dərmanların emalı kimi mühüm funksiyaları yerinə yetirir.
E-saglam.az xəbər verir ki, biotexnoloq və qidalanma mütəxəssisi Yelena Jelyanina qaraciyərin fəaliyyətini dəstəkləyən qidaların adını açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, qaraciyərin sağlamlığına diqqət yetirmək üçün ilk növbədə balanslı qidalanma və sağlam həyat tərzi vacibdir. Çuğundur və yarpaqlı göyərtilər folatla zəngin olduğu üçün qaraciyərin normal fəaliyyətini dəstəkləyən qidalar sırasındadır.
Yumurta, paxlalılar və yağsız ət orqanizmi zülal və amin turşuları ilə təmin edir. Bu maddələr qaraciyərdə fermentlərin sintezi və müxtəlif metabolik proseslər üçün əhəmiyyətlidir.
Balıq və bitki yağlarının tərkibində olan omeqa-3 yağ turşuları isə yağ mübadiləsinin tənzimlənməsində iştirak edir. Brokoli, gül kələmi və Brüssel kələmi kimi tərəvəzlərdəki qlükozinolatlar da orqanizmin bəzi ferment sistemlərinin fəaliyyətinə kömək edir.
Jelyanina əlavə edib ki, şəkərsiz və ya az şəkərli qəhvənin orta miqdarda istehlakı qaraciyərin sağlamlığı ilə əlaqələndirilir. Araşdırmalara görə, qəhvə qaraciyər fibrozunun inkişaf riskinin azalması ilə əlaqəli ola bilər.
Mütəxəssis vurğulayıb ki, qaraciyəri qorumaq üçün yalnız ayrı-ayrı qidaları qəbul etmək kifayət deyil. Balanslı qidalanma, şəkərli məhsulların məhdudlaşdırılması və sağlam həyat tərzi qaraciyərin normal fəaliyyətinin qorunmasında mühüm rol oynayır.
Könül Oruc