Allerqoloq və immunoloq Yekaterina Çernışovanın sözlərinə görə, payız ayları, xüsusilə noyabr, ağcaqayın tozcuğuna qarşı allergiyası olan şəxslər üçün müalicəyə başlamaq baxımından əlverişli dövr hesab olunur.
E-saglam.az xəbər verir ki, həkim bildirib ki, allergenə qarşı immunoterapiyaya adətən tozcuq mövsümünün başlamasına 2-4 ay qalmış başlanılır. Mərkəzi Rusiyada ağacların çiçəklənməsi ilə bağlı allergiya əlamətləri martın əvvəlində, bəzən isə fevralın sonlarında ortaya çıxa bilər. Buna görə də müalicəyə payızın sonlarında başlamaq orqanizmin allergenə qarşı uyğunlaşmasına vaxt qazandırır.
Mütəxəssisin sözlərinə görə, bu müalicə zamanı orqanizmə allergen kiçik və tədricən artırılan dozalarla verilir. Məqsəd immun sisteminin həmin maddəyə qarşı dözümlülük formalaşdırmasına kömək etmək və çiçəkləmə dövründə yaranan allergiya əlamətlərini azaltmaqdır.
Çernışova qeyd edib ki, son illərdə bəzi bitkilərin çiçəkləmə dövrü daha erkən başlayır. Bu səbəbdən payız ayları həm böyüklər, həm də uşaqlar üçün allergenə qarşı immunoterapiyaya başlamaq baxımından uyğun vaxt ola bilər.
Həkim xəbərdarlıq edib ki, allergiyaya qarşı bu müalicə hər kəsə tətbiq edilmir. İmmunoterapiya yalnız allergiyası müayinələrlə təsdiqlənmiş və mütəxəssis tərəfindən qiymətləndirilmiş şəxslərə tövsiyə olunur. Müalicənin növü və müddəti də allergiyanın səbəbindən və xəstənin vəziyyətindən asılı olaraq müəyyən edilir.
Könül Oruc