Oktyabrın 10-da Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə Bakıda media, ictimaiyyətlə əlaqələr və marketinq sahəsinin nümayəndələri üçün “Keçid” adlı tədbir təşkil olunub.
E-saglam.az xəbər verir ki, Gazelli məkanında baş tutan tədbirin əsas məqsədi kommunikasiya sahəsində çalışan mütəxəssislərin psixoloji rifahına diqqət çəkmək, gündəlik iş həyatında stressin idarə olunması və emosional balansın qorunmasının əhəmiyyətini vurğulamaq olub.
Tədbir çərçivəsində iştirakçılar üçün yoga, meditasiya və praktiki kouçinq sessiyaları keçirilib.
Proqramın yoga hissəsi Lala xanımın rəhbərliyi ilə baş tutub. Sessiya zamanı iştirakçılar nəfəs texnikaları və fiziki hərəkətlər vasitəsilə rahatlama təcrübəsi əldə ediblər.
Peşəkar kouç Günay Əsədli isə iştirakçılar üçün meditasiya və praktiki kouçinq sessiyaları keçirib. Sessiyalar zamanı özünüdərk, emosional tarazlıq, gündəlik gərginliyin idarə olunması və şəxsi rifaha diqqət yetirilməsi kimi mövzulara toxunulub. İştirakçılar müxtəlif praktiki tapşırıqlar vasitəsilə öz emosional vəziyyətlərini dəyərləndirmək və daxili ehtiyacları üzərində düşünmək imkanı qazanıblar.
Tədbirdə kommunikasiya sahəsində çalışan mütəxəssislərin davamlı informasiya axını, yüksək iş tempi və peşəkar məsuliyyət fonunda psixoloji sağlamlıqlarına diqqət ayırmalarının vacibliyi ön plana çıxarılıb.
“Keçid” təşəbbüsü peşəkar fəaliyyətlə şəxsi həyat arasında balansın qorunması, psixoloji rifah mövzusunda maarifləndirmənin artırılması və özünə qayğı mədəniyyətinin təşviqinə yönəlib.
Tədbirin əsas mesajı isə insanın gündəlik həyatın sürətindən qısa müddətlik uzaqlaşaraq özünə vaxt ayırmasının və daxili tarazlığını qorumasının əhəmiyyətini ifadə edib.
E-saglam.az