Gözəllik-dəb
Saç tökülməsi zamanı bədəndə hansı
Gözəllik-dəb
102

Saç tökülməsi zamanı bədəndə hansı qida maddələri çatışmır?

Saç tökülməsi yalnız kosmetik problem deyil. Bəzən bu hal orqanizmdə dəmir, vitamin və digər vacib qida maddələrinin çatışmazlığı ilə əlaqəli olur.

E-saglam.az xəbər verir ki, dermatoloq və trixoloq Polina Vasilyeva bu barədə danışarkən saç tökülməsinin səbəbini müəyyənləşdirmədən vitamin və qida əlavələri qəbul etməyin düzgün olmadığını bildirib.

Mütəxəssisin sözlərinə görə, saç sağlamlığı üçün ən vacib maddələrdən biri dəmirdir. Dəmir çatışmazlığı saç tökülməsini artıra bilər. Bu səbəbdən müayinələr zamanı yalnız hemoqlobin deyil, orqanizmdə dəmir ehtiyatını göstərən ferritin səviyyəsi də nəzərə alınmalıdır. Lakin analiz vermədən dəmir preparatları qəbul etmək təhlükəlidir, çünki onun artıqlığı da sağlamlığa zərər verə bilər.

Saçların böyüməsində D vitamini və sink də mühüm rol oynayır. D vitamini saçın böyümə dövründə iştirak edir, sink isə zülal sintezi və saç follikullarının hüceyrələrinin fəaliyyəti üçün vacibdir. Bu maddələrin çatışmazlığı saç tökülməsinin artması ilə əlaqəli ola bilər. B12 vitamini və fol turşusunun çatışmazlığı da qanazlığına və saçların zəifləməsinə səbəb ola bilər.

Trixoloq zülalın əhəmiyyətini də vurğulayıb. Saçın əsas tərkib hissələrindən biri keratindir və onun yaranması üçün kifayət qədər zülal qəbul etmək vacibdir. Qidalanmada zülalın az olması saçların tökülməsinə təsir göstərə bilər. Biotin və selen də saç sağlamlığı ilə əlaqəli maddələr sırasındadır, lakin onların əlavə şəklində qəbulu yalnız ehtiyac olduqda nəzərdən keçirilməlidir.

Saç tökülməsinin səbəbini müəyyənləşdirmək üçün həkim ümumi qan analizi, ferritin, D vitamini, B12 vitamini, fol turşusu, sink və qalxanabənzər vəzinin fəaliyyəti ilə bağlı göstəricilərin yoxlanılmasını tövsiyə edə bilər. Digər analizlər isə insanın şikayətlərinə və sağlamlıq vəziyyətinə uyğun seçilir.

Mütəxəssis qeyd edib ki, saç tökülməsi həmişə vitamin və mineral çatışmazlığı ilə bağlı olmur. Stress, hormonal dəyişikliklər, irsi meyillilik, qalxanabənzər vəzinin xəstəlikləri və digər sağlamlıq problemləri də bu hala səbəb ola bilər. Buna görə saç tökülməsi artdıqda özbaşına vitamin qəbul etmək əvəzinə, dermatoloq və ya trixoloqa müraciət etmək, lazımi müayinələrdən sonra müalicəyə başlamaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun