Sağlamlıq
Həkim B12 vitamini çatışmazlığının
Sağlamlıq
22

Həkim B12 vitamini çatışmazlığının əlamətlərini açıqladı

B12 vitamini çatışmazlığı orqanizmdə müxtəlif problemlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, endokrinoloq Natalya Şvedovanın sözlərinə görə, bu vəziyyət həm fiziki, həm də nevroloji və psixoloji əlamətlərlə özünü göstərə bilər.

Həkim bildirib ki, B12 vitamini çatışmazlığının simptomları adətən tədricən inkişaf edir. Müalicə olunmadıqda isə vəziyyət zamanla ağırlaşa bilər. Bu əlamətlərin bir çoxu başqa xəstəliklərdə də müşahidə olunduğundan, yalnız simptomlara əsasən diaqnoz qoymaq mümkün deyil.

B12 vitamininin çatışmazlığı meqaloblastik anemiyaya səbəb ola bilər. Bu zaman insan özünü daim yorğun hiss edir, fiziki dözümlülüyü azalır, dərisi və selikli qişaları solğunlaşır. Başgicəllənmə, baş ağrısı, adi fiziki fəaliyyət zamanı nəfəs darlığı, ürək döyüntüsünün sürətlənməsi və ürəkdə ritm pozuntusu hissi də yarana bilər.

Mütəxəssis qeyd edib ki, B12 çatışmazlığı təkcə qan göstəricilərinə təsir etmir. Nevroloji əlamətlər bəzən qan analizlərində dəyişikliklər meydana çıxmazdan əvvəl də müşahidə oluna bilər.

Xüsusilə yaşlı insanlarda B12 vitamini çatışmazlığı depressiya, çaşqınlıq, psixoz, hallüsinasiyalar və davranış dəyişiklikləri ilə özünü göstərə bilər.

Həkim xəbərdarlıq edib ki, bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək və müvafiq müayinələrdən keçmək lazımdır. B12 vitamini çatışmazlığının vaxtında aşkarlanması və müalicəsi mümkün fəsadların qarşısını almağa kömək edir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun