Bir çox insan sidiyə getmək istəyini uzun müddət saxlamağın zərərsiz olduğunu düşünür. Lakin bu vərdiş təkrarlanarsa, sidik kisəsinin fəaliyyətinə mənfi təsir göstərə bilər.
E-saglam.az xəbər verir ki, uroloq Aleksandr Trutanov bu barədə xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, sidiyi müntəzəm olaraq uzun müddət saxlamaq sidik kisəsinin həddindən artıq gərilməsinə və onun əzələlərinin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər. Nəticədə sidik kisəsinin tam boşalmaması, sidik yollarında infeksiya və daş yaranması riski arta bilər.
Həkim bildirib ki, prostat vəzisi böyümüş kişilərdə sidiyi uzun müddət saxlamaq kəskin sidik tutulmasına səbəb ola bilər. Bu zaman insan sidiyə gedə bilmir və təcili tibbi yardım tələb olunur.
Sidik kisəsi ilə bağlı problemlər zamanı qadınlarda da sidik saxlama və ya sidik qaçırma çətinlikləri yarana bilər. Bəzi hallarda sidik kisəsində təzyiqin artması sidiyin böyrəklərə doğru geri axmasına səbəb ola bilər.
Uroloqun sözlərinə görə, əksər sağlam yetkin insanlar gün ərzində təxminən 4-8 dəfə sidiyə gedirlər. Bu tezlik qəbul edilən mayenin miqdarından və digər amillərdən asılı olaraq dəyişə bilər. Sidiyə getmək istəyini davamlı olaraq saxlamaq isə sağlam vərdiş hesab edilmir.
Mütəxəssis kifayət qədər maye qəbul etməyi və sidiyə getmək istəyini uzun müddət təxirə salmamağı tövsiyə edir. Sidik ifrazı zamanı ağrı, tez-tez sidiyə getmə və ya sidikdə qan müşahidə olunarsa, həkimə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc