Britaniyalı Sas Parsad 2011-ci ildə demək olar ki, davamlı olaraq tualetə getmək istəyini əvvəlcə qida zəhərlənməsi ilə əlaqələndirib. Lakin vəziyyəti getdikcə ağırlaşıb və həkimlər ona Kron xəstəliyi diaqnozu qoyublar.
E-saglam.az xəbər verir ki, 45 yaşlı kişi bir müddət ərzində gündə 100 dəfəyə qədər nəcis ifraz etmək istəyinin yarandığını bildirib. İlk simptomlardan sonra təxminən 10 gün tibbi yardım almayıb. Sonrakı aylarda isə ağrılar güclənib və həzm sistemi ilə bağlı problemlər daha da ağırlaşıb.
Vəziyyəti səbəbindən Parsad işini itirib, evdən çölə çıxa bilməyib və anasının yanına köçməli olub. Bir il ərzində təxminən 15 kiloqram arıqlayıb.
2012-ci ilin martında həkimlər nəhayət onun Kron xəstəliyindən əziyyət çəkdiyini müəyyən ediblər. Bu, həzm sistemində iltihaba səbəb olan xroniki xəstəlikdir. Ağır hallarda bağırsağın zədələnmiş hissəsinin cərrahi yolla çıxarılması tələb oluna bilər.
Parsad xəstəliyin xroniki xarakter daşıdığını öyrəndikdən sonra simptomlarını həyat tərzi və qidalanma ilə nəzarətdə saxlamağa çalışıb. O, aralıqlı oruc tətbiq edib, kifayət qədər su içməyə, müntəzəm idman etməyə, yuxu rejimini yaxşılaşdırmağa və hər gün gəzməyə başlayıb.
Onun sözlərinə görə, bu dəyişikliklərdən sonra vəziyyəti xeyli yaxşılaşıb, simptomları demək olar ki, aradan qalxıb və əməliyyata ehtiyac yaranmayıb. Lakin Kron xəstəliyi xroniki xəstəlik olduğundan, qidalanma və həyat tərzində dəyişikliklər müalicəni əvəz etmir və belə xəstələr həkim nəzarətində olmalıdır.
Tərcümə: Könül Oruc