Sağlamlıq
İnsanlar yaşlandıqca yuxudan NİYƏ tez oyanır?
Sağlamlıq
7

İnsanlar yaşlandıqca yuxudan NİYƏ tez oyanır? Həkim səbəbini açıqladı

İnsanlar yaşlandıqca axşamlar daha tez yatmağa və səhərlər əvvəlkindən daha tez oyanmağa başlaya bilərlər. Mütəxəssislərin sözlərinə görə, bu dəyişiklik həm orqanizmdə baş verən təbii proseslərlə, həm də bioloji ritmin dəyişməsi ilə bağlıdır.

E-saglam.az xəbər verir ki, somnoloq Maksim Novikovun sözlərinə görə, yaş artdıqca yuxu-oyanma rejimini tənzimləyən melatonin hormonunun ifrazı dəyişir. Eyni zamanda yuxunun strukturu da dəyişir: dərin yuxunun müddəti azalır, yuxu daha səthi olur və gecə ərzində qısa oyanmalar daha tez-tez baş verir.

Bununla yanaşı, orqanizmin “daxili saatı” da yaşla birlikdə dəyişə bilər. Nəticədə bəzi insanlarda yuxuya getmə və oyanma vaxtı daha erkən saatlara keçir. Gün işığı isə bioloji ritmin tənzimlənməsində mühüm rol oynayır. Gün ərzində kifayət qədər təbii işıq almamaq və axşam saatlarında parlaq işıq altında olmaq yuxu rejimini daha da poza bilər.

Yaş artdıqca yuxuya təsir edən bəzi sağlamlıq problemləri də daha çox rast gəlinir. Oynaq və digər ağrılar, ürək-damar və ağciyər xəstəlikləri, gecə tez-tez sidiyə getmək, narahatlıq və bəzi dərmanlar gecə yuxusunun bölünməsinə səbəb ola bilər.

Mütəxəssis bildirir ki, insan daha tez yatıb daha tez oyanırsa, lakin gün ərzində özünü gümrah hiss edirsə, bunu mütləq problem kimi qiymətləndirmək lazım deyil. Əsas məsələ kifayət qədər yatmaq və gündüz normal fəaliyyət göstərə bilməkdir.

Yuxu rejimini qorumaq üçün hər gün eyni saatlarda yatıb oyanmaq, səhərlər təbii işıq almaq və gün ərzində fiziki aktiv olmaq tövsiyə edilir. Axşam saatlarında isə parlaq işığı və həddindən artıq kofein qəbulunu məhdudlaşdırmaq faydalıdır.

Əgər erkən oyanma güclü gündüz yuxululuğu, davamlı yorğunluq, yüksək səslə xoruldama və ya yuxuda nəfəsin dayanması kimi əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun