Qoz-fındıq sağlam qidalanmanın vacib hissələrindən biri hesab olunur. Tərkibində doymamış yağlar, lif, minerallar və antioksidant xüsusiyyətlərə malik maddələr var.
E-saglam.az xəbər verir ki, endokrinoloq-diyetoloq Natalya Şvedova qoz-fındığın müntəzəm istehlakının orqanizmə təsirindən danışıb.
Mütəxəssisin sözlərinə görə, qoz-fındıq ürək-damar sağlamlığının qorunmasına kömək edə bilər. Tədqiqatlarda gündə təxminən 28 qram qoz-fındıq istehlakı ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskinin daha aşağı olması ilə əlaqələndirilib. Bununla belə, bu nəticələr qoz-fındığın xəstəliklərdən tam qoruduğu anlamına gəlmir.
Qoz-fındıq qanda xolesterinin səviyyəsinə də müsbət təsir göstərə bilər. Araşdırmalardan birinin nəticələrinə əsasən, gündəlik qoz-fındıq istehlakı “pis” xolesterinin azalması ilə əlaqələndirilib. Həmçinin həftədə bir neçə dəfə qoz-fındıq yeməyin 2-ci tip diabet riskinin azalması ilə əlaqəli olduğu müəyyən edilib.
Qoz-fındığın digər faydası qan şəkərinin tənzimlənməsinə kömək etməsidir. Tərkibindəki yağlar, zülal və lif karbohidratların həzmini və qlükozanın sorulmasını yavaşlada bilər. Buna görə də səhər yeməyində yulaf sıyığına və ya karbohidratla zəngin digər qidalara bir qədər qoz-fındıq əlavə etmək yeməkdən sonra qan şəkərinin daha yavaş yüksəlməsinə kömək edə bilər. Lakin qoz-fındıq diabetin müalicəsi deyil.
Diyetoloq vurğulayıb ki, qoz-fındığın faydasından yararlanmaq üçün onu daha az sağlam qəlyanaltıların əvəzinə yemək məqsədəuyğundur. Bu məhsullar faydalı olsa da, yüksək kalorilidir. Buna görə də qəbul edilən miqdara diqqət yetirmək vacibdir.
Qoz-fındıq allergiyası olan insanlar isə bu məhsuldan uzaq durmalıdırlar. Ümumilikdə, qoz-fındığın balanslı qidalanmanın bir hissəsi kimi müntəzəm istehlakı sağlamlıq üçün faydalı ola bilər. Ancaq onun təsiri insanın ümumi qidalanmasından, həyat tərzindən və sağlamlıq vəziyyətindən də asılıdır.
Tərcümə: Könül Oruc