Gecələr tez-tez sidiyə getmək üçün oyanır və gün ərzində səbəbsiz yerə çox susayırsınızsa, bu əlamətləri adi hal kimi qəbul etməyin.
E-saglam.az xəbər verir ki, həkimlərin sözlərinə görə, davamlı susuzluq və sidiyə getmə istəyinin artması bəzi xəstəliklərin əlaməti ola bilər. Xüsusilə gecələr dəfələrlə sidiyə getmək və qeyri-adi dərəcədə güclü susuzluq diabet və böyrək xəstəlikləri ilə əlaqəli ola bilər.
Mütəxəssis Syuzan Uayli bildirir ki, xroniki böyrək xəstəliyi xüsusilə təhlükəlidir, çünki ilkin mərhələlərdə insan heç bir ciddi narahatlıq hiss etməyə bilər.
Bəzən xəstəlik yalnız adi qan və sidik analizləri zamanı aşkarlanır. Yəni özünüzü sağlam hiss etməyiniz hər şeyin qaydasında olduğu anlamına gəlmir.
Əgər son vaxtlar həddindən artıq susayır, əvvəlkindən daha çox sidiyə gedir və xüsusilə gecələr bunun üçün tez-tez oyanırsınızsa, bu dəyişiklikləri diqqətsiz qoymayın.
Bu əlamətlərin səbəbi müxtəlif ola bilər və yalnız simptomlara əsasən diaqnoz qoymaq mümkün deyil. Davamlı narahatlıq varsa, həkimə müraciət etmək və lazım gəldikdə qan və sidik analizləri etdirmək vacibdir.
Tərcümə: Könül Oruc