Tibbi xəbərlər
Ürək nahiyəsində iynəbatma hissi
Tibbi xəbərlər
10

Ürək nahiyəsində iynəbatma hissi nədən xəbər verir?

Ürək nahiyəsində hiss edilən iynəbatma hər zaman ürək xəstəliyindən xəbər vermir. Bu narahatlığın səbəbi mineral çatışmazlığı, həzm problemləri, stress və ya əzələ-skelet sistemi ilə bağlı pozuntular ola bilər.

E-saglam.az xəbər verir ki, nevroloq Yekaterina Demyanovskayanın sözlərinə görə, mümkün səbəblərdən biri orqanizmdə maqnezium və kalium çatışmazlığıdır. Bu mineralların balansının pozulması sinir və əzələ hüceyrələrinin fəaliyyətinə təsir edərək iynəbatma və digər xoşagəlməz hisslər yarada bilər.

Digər mümkün səbəb həzm sistemi problemləridir. Mədə turşusunun qida borusuna geri qayıtması, spazmlar və diafraqma yırtığı döş qəfəsində ağrı və narahatlıq hissinə səbəb ola bilər. Belə hallarda şikayətlər xüsusilə yeməkdən sonra, əyildikdə və ya uzandıqda güclənə bilər.

Həmçinin güclü stress və narahatlıq, eləcə də qabırğaarası sinirlərin qıcıqlanması və sinə əzələləri ilə bağlı problemlər ürək nahiyəsində sancma və iynəbatma hissi yarada bilər. Ağrı nəfəs aldıqda, bədəni çevirdikdə və ya həmin nahiyəyə təzyiq göstərdikdə artırsa, bunun səbəbi əzələ və ya sinir problemləri ola bilər.

Həkim xəbərdarlıq edir ki, döş qəfəsində sıxıcı və ya basıcı ağrı, nəfəs darlığı, soyuq tər, eləcə də ağrının sol qola və ya aşağı çənəyə yayılması ciddi ürək probleminin əlaməti ola bilər. Belə hallarda vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır.

Ürək nahiyəsində təkrarlanan və ya səbəbi bilinməyən iynəbatma hissini diqqətsiz qoymaq olmaz. Narahatlığın dəqiq səbəbini müəyyənləşdirmək üçün həkim müayinəsindən keçmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun