“Abşeron Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərin müraciət prosesini daha rahat və operativ etmək məqsədilə Qeydiyyat bölməsində yeni “Həkimdən həkimə yönləndirmə” xidməti istifadəyə verilib”.
E-saglam.az xəbər verir ki, bu sözləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusundakı təlimdə çıxışı zamanı deyib.
Z.Ədilova bildirib ki, yeni sistem vətəndaşların elektron növbə götürmədən bir həkimin qəbulundan digər ixtisaslı həkimin qəbuluna birbaşa keçidini təmin edir:
“Xidmət xüsusilə fizioterapiya göndərişləri zamanı daha geniş tətbiq edilir. Belə ki, vətəndaş ilkin olaraq elektron növbə alaraq ixtisaslı həkimin qəbuluna daxil olur. Əgər həkim pasiyenti fizioterapiyaya yönləndirirsə, vətəndaş yenidən qeydiyyat və növbə prosedurlarından keçmədən Həkimdən həkimə yönləndirmə masasından birbaşa xidmətə yönləndirilir.
Həmçinin ilkin müayinə aparan həkim pasiyenti başqa bir ixtisas üzrə mütəxəssisə göndərdikdə də vətəndaş elektron növbə götürməyə ehtiyac duymur. Xəstə sadəcə Həkimdən həkimə yönləndirmə masasına yaxınlaşaraq növbəti həkimin qəbuluna operativ şəkildə yönləndirilir”.
Departament rəhbəri əlavə edib ki, bu yenilik xəstəxanada müraciət prosesinin optimallaşdırılmasına, vətəndaşların vaxt itkisini minimuma endirməyə və tibbi xidmətin daha səmərəli təşkilinə xidmət edəcək.