
Günümüzdə bir çox insan iş rejimi və ya gündəlik vərdişləri səbəbindən saatlarla masa arxasında, kompüter qarşısında oturur. Bundan əlavə, mobil telefon və planşet kimi cihazlardan uzun müddət istifadə də artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu vərdişlər yanlış oturuş pozisiyası ilə birləşdikdə, xüsusilə boyun nahiyəsində ciddi sağlamlıq problemlərinə yol aça bilər.

E-saglam.az xəbər verir ki, VM Medical Park Kocaeli Xəstəxanasının beyin və sinir cərrahı Prof. Dr. Mehmet Çağlar Berk bu barədə əhəmiyyətli xəbərdarlıqlar edib. Onun sözlərinə görə, xüsusilə masa başında çalışan insanlarda boyun yırtığı riski getdikcə artır. Kompüter ekranına uzun müddət səhv bucaqla baxmaq və ya telefondan əyilərək istifadə etmək boyun və bel ağrılarına səbəb ola biləcək ciddi duruş pozuntularına zəmin yaradır.
Prof. Dr. Berk izah edir ki, boyun yırtığı onurğa sütunu disklərinin yaşlanaraq elastikliyini itirməsi və yer dəyişməsi nəticəsində yaranır. Bu vəziyyət sinir kökləri və ya onurğa beyni üzərində təzyiq yaradaraq ağrı, keyimə, iynələnmə və ya əzələ zəifliyi kimi əlamətlərlə özünü göstərə bilər.
Xəstəliyin dəqiq müəyyən olunması üçün MRT, EMQ və ətraflı klinik müayinə vacib sayılır. Hər boyun yırtığının əməliyyat tələb etmədiyini bildirən həkim, doğru müalicə planlamasının yalnız bu sahədə ixtisaslaşmış nevrocərrah tərəfindən aparılmalı olduğunu vurğulayıb.
Müasir müalicə üsulları arasında servikal disk protezi tətbiqləri xüsusilə seçilir. Bu metod sayəsində əməliyyat edilən diskin hərəkətliliyi qorunur və gələcəkdə qonşu disklərdə yeni yırtıq yaranma ehtimalı azaldılır. Ənənəvi üsullarla edilən əməliyyatlardan sonra hər il üçün orta hesabla 3% yeni yırtıq riski yaranır, bu da gənc və orta yaşlı insanlarda ömürlük riskin 100%-i aşa biləcəyi anlamına gəlir.
Prof. Dr. Berk qeyd edir ki, erkən diaqnoz və düzgün müalicə çox vacibdir. Əgər müalicə gecikərsə, sinirlərdə qalıcı zədələnmələr baş verə bilər. “Hər boyun yırtığı əməliyyat olunmur, lakin gecikmiş və ya düzgün planlanmamış müalicə bəzən geri dönüşü olmayan nəticələrə səbəb ola bilər,” – deyə o, mütləq şəkildə mütəxəssisə müraciət edilməsini tövsiyə edir.
Tərcümə: Könül Oruc