
Bir çox məişət cihazı söndürülmüş kimi görünsə də, əslində enerji sərf etməyə davam edir. Bu hal “fantom istehlak” adlanır və cihazlar sadəcə rozetkaya qoşulu olduqda belə müəyyən miqdarda elektrik enerjisi istifadə edə bilər.

E-saglam.az xəbər verir ki, bunu RTU MIREA-nın neyromorfik hesablama sistemləri üzrə fizik-alimi Arseni Buryakov bildirib.
Buryakovun sözlərinə görə, müasir cihazların əksəriyyəti tam sönmür, sadəcə gözləmə rejiminə keçir. Bu da onların daha tez işə düşməsi, internet bağlantısını qoruması və ya parametrləri yadda saxlaması üçün vacibdir.
Xüsusilə media cihazlarında bu problem daha qabarıqdır. Smart televizorlar söndürüldükdə belə 0,5-dən 3 vattadək enerji sərf edə bilər. Onlar arxa planda proqram yeniləyir, internetə bağlı qalır və uzaqdan idarəetmə siqnalını gözləyir. Oyun konsolları gözləmə rejimində 10-23 vatt arasında enerji çəkir. Musiqi mərkəzləri də şəbəkə funksiyasından asılı olaraq 0,1-dən 2 vata qədər enerji istifadə edə bilir.
Digər gizli enerji sərf edən cihazlara şəbəkə avadanlıqları daxildir. Marşrutlaşdırıcılar fasiləsiz işləyir və gündəlik 5-20 vatt enerji sərf edir. Şəbəkəyə qoşulmuş yaddaş qurğuları – NAS-lar – boş vəziyyətdə belə 5-15 vatt, güclü modellər isə 30-40 vattadək enerji sərf edə bilər.
Mətbəxdə isə qəhvə maşınları (təxminən 1 vatt), displeyli mikrodalğalı sobalar və elektrik sobaları (1-3 vatt) enerji sərf edir. Hətta kondisionerlər və uzaqdan idarə olunan qızdırıcılar da tam sönmür və 0,5-3 vatt enerji sərf edə bilir.
Daha az nəzərə çarpan, lakin enerji sərf edən digər cihazlara premium enerji doldurucular (3 vattadək), ağıllı dinamiklər (2-5 vatt) və elektrik dəsmal qızdırıcıları (10-15 vatt) daxildir.
Arseni Buryakov lazımsız enerji itkisini azaltmaq üçün istifadədə olmayan cihazların adapterlərini çıxarmağı və ya uzatma kabelindən istifadə edərək bir düymə ilə tam söndürməyi tövsiyə edir. Gecələr marşrutlaşdırıcının söndürülməsi də qənaət üçün effektiv üsuldur. Yeni cihaz alarkən isə enerji səmərəliliyi sinfinə diqqət yetirmək və taymerli smart rozetkalardan istifadə etmək faydalı olar.
Tərcümə: Könül Oruc