
Diyetoloq Emma Bardwell, qısa müddətdə sağlam şəkildə çəki atmaq istəyənlər üçün "30:30:30 Protein Pəhrizi"ni təqdim edib. O, bu pəhrizin bir ayda 6 kiloqram, bəzən isə 13 kiloqrama qədər arıqlamağa kömək etdiyini bildirib.

E-saglam.az xəbər verir ki, bu yanaşma "The Telegraph" nəşrində geniş şəkildə təqdim olunub.
Pəhriz dörd əsas prinsipə əsaslanır: hər yeməkdə 30 qram protein, gündəlik 30 qram lif, həftəlik ən azı 30 fərqli bitki mənşəli qida və gündəlik 300–500 kalorilik enerji çatışmazlığı.
Emma Bardwell vurğulayır ki, hər yeməkdə orta hesabla 30 qram protein qəbul etmək gün ərzində 90 qram zülal deməkdir. Bu, həm əzələ kütləsinin qorunmasına kömək edir, həm də toxluq hissini uzadır. O bildirir ki, protein miqdarı bədən çəkisinə görə 1.2–1.6 qram/kq səviyyəsində olmalıdır.
Lifli qidalar isə mədədə həcm yaradır, toxluq hissini artırır, eyni zamanda xolesterolu azaldır, qan şəkərini sabit saxlayır və ürək-damar xəstəlikləri ilə tip 2 diabetin qarşısını almaqda mühüm rol oynayır.
Həftəlik 30 fərqli bitki mənşəli məhsulun istifadəsi bağırsaq sağlamlığını və immun sistemini gücləndirir. Bu qidalar sırasına tərəvəz, meyvə, paxlalılar, taxıllar, qoz-fındıq, toxumlar, ədviyyatlar, tünd şokolad, zeytun yağı və qəhvə daxildir.
Pəhrizin əsas prinsiplərindən biri də gündəlik 300–500 kalorilik enerji çatışmazlığı yaratmaqdır. Bu, həm bədəndə tədricən və sağlam şəkildə arıqlamağa, həm də prosesin davamlı və təhlükəsiz olmasına imkan verir.
Emma Bardwell pəhrizlərə yanaşmada diqqətli olmağı tövsiyə edir: “Həqiqətən işləyən yeganə pəhriz, davam edə bildiyiniz pəhrizdir. Qısamüddətli möcüzələrə deyil, uzunmüddətli balanslı yanaşmalara üstünlük verin”.
Hazırda trend olan bu metod qida keyfiyyətini və balansı ön plana çıxararaq sağlam arıqlamaq istəyənlər üçün real və praktik bir yol təklif edir.
Tərcümə: Könül Oruc