Stressli bir həftənin ardından əksər insanlar restoran, bar və ya dostlarla görüş kimi sürətli rahatlama yollarına üz tutur. Lakin bu üsullar yalnız müvəqqəti rahatlama verir və yorğunluq ertəsi gün yenidən qayıdır.
E-saglam.az xəbər verir ki, təşkilati psixoloq, ailə psixoterapevti və klinik psixoloq Diana Qonçarova bunun səbəbini və psixikaya həqiqətən fayda verən hobbiləri açıqlayıb.
Müasir insan demək olar ki, daim rəqəmsal mühitdədir - iş, xəbərlər, mesajlaşma, sosial media. Hətta asudə vaxt belə çox zaman yeni məlumat axınına çevrilir. Qonçarovanın sözlərinə görə, problem o zaman yaranır ki, bar, yemək və ya səs-küylü şirkət əsas stress idarəetmə vasitəsinə çevrilir. Belə olan halda istirahət getdikcə xarici stimullara, başqalarının əhval-ruhiyyəsinə və pula bağlı olur.
Psixoterapevt zehni sağlamlıq üçün ən təsirli üç hobbini sıralayıb.
Birincisi - əl işləridir. Toxuculuq, tikmə, tapmaca, mozaika, rəqəmlərə görə rəngləmə və maket qurma kimi fəaliyyətlər görünən nəticə verən sadə məşğuliyyətlərdir. Qonçarova vurğulayır ki, narahatlıq və yuxusuzluqdan əziyyət çəkən insanlarda məhz toxunma fəaliyyətləri çox vaxt çatışmır. Tamamlanmış bir tapmaca parçası və ya tikilmiş bir naxış psixikaya sadə, lakin güclü bir siqnal göndərir: işlər irəliləyir.
İkincisi - özünüzlə rəqabətsiz hərəkətdir. Gəzinti, evdə rəqs, yüngül qaçış və ya dartınma hərəkətləri yığılmış gərginliyi aradan qaldırır. Mütəxəssis xüsusilə vurğulayır ki, hərəkət iradə sınağına çevrilməməlidir. Üç dəqiqə qaçıb gəzintiyə keçmək, addım sayı hədəfi qoymadan sadəcə gəzmək - bunlar da tam dəyərli istirahət üsuludur.
Üçüncüsü - təbiət və torpaqla təmasdır. Ev bitkilərinə qulluq, bağçılıq, göbələk yığımı - yarpaq qoxusu, torpağın toxuması, dəyişən işıq və sükut sinir sistemini sakitləşdirir. Qonçarova stolüstü oyunları da bu siyahıya əlavə edib - onlar canlı ünsiyyət, qələbə sevinci və real müzakirə mühiti yaradır.
Mütəxəssis yekun olaraq sadə bir sınaq təklif edir: əgər bu gün hazırlıqsız, hətta 15 dəqiqə belə, həmin məşğuliyyətlə məşğul ola bilirsinizsə - bu sizin hobbiinizdir və psixikanıza həqiqətən fayda verir.
Tərcümə: Könül Oruc