
Yuxusuzluq müasir həyatın yayılmış problemlərindən biridir. Gecə saatlarında yata bilməmək, gündəlik həyatda yorğunluq, diqqət dağınıqlığı və stressə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Kardiologiya Mütəxəssisi Dr. Demet Erciyes bildirir ki, keyfiyyətli yuxu yalnız həyat tərzi ilə deyil, eyni zamanda yeyib-içdiklərimizlə də birbaşa bağlıdır. O, yuxuya getməyi asanlaşdıran qidaları diqqətə çatdırıb.
Dr. Erciyes qeyd edir ki, trans yağlarla zəngin, hazır və işlənmiş məhsullar, şəkərli içkilər, enerji içkiləri və kofein tərkibli qidalar yuxu keyfiyyətini aşağı salır. Əvəzində isə bəzi qidalar yuxuya keçidi təbii şəkildə asanlaşdırır. Məsələn, melatonin və serotonin hormonlarının istehsalına təsir edən banan, badam, süd, yumurta, pomidor və üzüm kimi məhsullar bədənin yuxu ritmini tənzimləyir.
Maqneziumla zəngin balqabaq tumu, ispanaq, avokado və tünd şokolad stressi azaldır, sinir sistemini sakitləşdirir və yuxunun keyfiyyətini artırır. Eyni zamanda B6 vitamini (banan, qırmızı balıq, avokado) serotonin və melatoninin sintezində mühüm rol oynayır. Omeqa-3 tərkibli qidalar (somon, kətan toxumu, çia) və triptofan ehtiva edən məhsullar (hinduşka, qatıq, pendir) da rahat yuxuya töhfə verir.
GABA və glisin kimi maddələr isə beyində sakitləşdirici təsir göstərərək narahatlığı azaldır və bədəni rahatlaşdırır. Bu maddələri yaşıl çay, kefir, katıq və fermentləşdirilmiş qidalarda tapmaq mümkündür.
Nəticə etibarilə, sağlam və keyfiyyətli yuxu üçün təkcə qaranlıq otaq və səssizlik deyil, həm də düzgün və balanslı qidalanma vacibdir. Əgər siz də yuxuya getməkdə çətinlik çəkirsinizsə, axşam menyunuzu bir daha nəzərdən keçirməyiniz faydalı ola bilər.
Tərcümə: Könül Oruc