2024-ci il 26 aprel tarixində "Humayun" Qeyri Hökumət təşkilatı tərəfindən təşkil olunan, "DanceAbility Azerbaijan" inklüziv rəqs şirkəti və Zagulba FM-in dəstəyiylə "YURDUM - social eco-village" adlı tədbir keçirilib.
E-saglam.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənən "YURDUM social eco-village" layihəsi haqda "Humayun" QHT-nin rəhbəri Firəngiz Hüseynova və "Yurdum social eco-village" layihəsinin direktoru Zarema Yaqizarova, eləcə də "DanceAbility Azerbaijan" şirkətinin təsisçisi Nigar Sultanova fəaliyyətləri haqqında məlumat verdikdən sonra tədbir açıq elan edildi.
Proqramda enerjini bərpa edən məşqlər, musiqi, rəqs və rəsm fəaliyyətləri təşkil olunmuşdu. Burada fiziki, psixi və əqli sağlamlığında məhdudiyyəti olan insanlar, onların ailə üzvləri və qəyyumları iştirak edirdi.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların özlərini sağlam cəmiyyətdə tapması, onlar üçün inklüziv mühitin yaradılması, potensialın cəmiyyət tərəfindən tanınması və onların kənardan dəstəyə olan ehtiyaclarının azalması idi.
Hal-hazırda günərzi mərkəz kimi Bakıda fəaliyyət göstərən "YURDUM"un əsas hədəfi yaxın gələcəkdə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün rayonlarda eco-kəndlərin yaradılmasıdır.
Qeyd edək ki, layihənin media dəstəyi E-saglam.az saytıdır.
Tədbirə dair fotolar :
Könül Oruc