
Yumurta səhər yeməyinin əvəzolunmaz zülal qaynağıdır, lakin yanlış bişirildikdə bəzi sağlamlıq riskləri yarada bilər.

E-saglam.az xəbər verir ki, həddindən artıq qaynadılmış yumurtaların sarısı ətrafında əmələ gələn yaşıl halqa qida dəyərinin itirildiyini və sağlamlığa mənfi təsir göstərə biləcəyini göstərir.
Düzgün bişirmə üsulu nə üçün vacibdir?
Mütəxəssislər bildirirlər ki, yumurtanın qida dəyərinin qorunması üçün onun bişirilmə müddətinə diqqət yetirmək lazımdır. Həddindən artıq bişirildikdə, yumurta sarısında dəmir sulfid adlı birləşmə əmələ gəlir. Bu maddə orqanizmin dəmirdən səmərəli istifadə etməsinə mane olur. Halbuki, yumurta təbii dəmir və digər vacib qida maddələri ilə zəngin bir mənbədir.
İdeal bişirmə müddəti nə qədərdir?
Yumurtanın qida dəyərini qorumaq üçün onu qaynamağa başlayandan sonra ən çox 10 dəqiqə bişirmək tövsiyə olunur. Beləliklə, həm sağlam olmayan kimyəvi birləşmələrin əmələ gəlməsinin qarşısı alınır, həm də yumurtanın faydalı vitamin və mineralları qorunur.
Mütəxəssislər ideal yumurta bişirmə üsulu kimi su qaynamağa başlayandan sonra yumurtanı 5 dəqiqə daha vam odda saxlamağı tövsiyə edirlər. Bu zaman yumurta nə çox bişir, nə də qida dəyərini itirir.
Düzgün bişirmə texnikasına əməl etməklə yumurtanın sağlamlıq üçün ən faydalı formada qalmasını təmin edə bilərsiniz.
Tərcümə: Könül Oruc