Yeni Klinikada Azərbaycan Tibb Tələbələrinin 1. Nefrologiya Forumu baş tutub
Yeni Klinikada Azərbaycan Tibb Tələbələrinin 1. Nefrologiya Forumu baş tutub

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Azərbaycan Tibb Tələbələrinin 1. Nefrologiya Forumu baş tutub.

Bu barədə E-saglam.az-a Yeni Klinikadan məlumat verilib. 

Bildirilib ki, forumun əsas məqsədi ölkə daxilində və xaricdə tibb təhsili alan gəncləri bir araya gətirərək Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi islahatlar sayəsində hər gün daha da inkişaf edən Azərbaycan səhiyyəsi və onlar üçün yaradılan şərait, mövcud olan perspektivlərlə tanış etməkdir.

Azərbaycan və xarici ölkələrdə təhsil alan tibb tələbələrinin iştirak etdiyi forumda Yeni Klinikanın direktoru Barat Yusubov Azərbaycanda gənclərin ölkə daxilində və xaricdə yüksək səviyyədə təhsil almalarının çox müsbət bir hal olduğunu qeyd edərək təhsilli, dünyagörüşlü, yüksəkixtisaslı kadrların ölkənin inkişafı və uğurlu gələcəyində mühüm rol oynadığını bildirib. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.

“Prezident İlham Əliyev deyib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Ali Baş Komandanın verəcəyi əmrə müntəzir olmalıdırlar. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.” deyə Barat Yusubov qeyd edib.

Direktor həmçinin nefrologiya sahəsində öz təcrübələrini tələbələrlə bölüşərək “Nefrologiya nədir? Azərbaycanda nefrologiya” mövzusunda çıxış edib.

Bugünkü tədbirin gənclərlə bağlı layihələrin müzakirəsi, onların keyfiyyətinin artırılması üçün ideya mübadiləsinin aparılması baxımından mühüm platforma olduğunu qeyd edən Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəyli xaricdə tibb sahəsində təhsil alan tələbələrə müraciət edərək, onların ideyaları üçün ölkədə bütün şəraitin yaradıldığını bildirib.

E-saglam.az