Yandex watch
Yaxşı yatmaq üçün

Yuxusuzluqdan əziyyət çəkənlər üçün yuxunu yaxşılaşdırmaq düşündüyünüz qədər çətin olmaya bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Seçenov Universitetinin 3 saylı Universitet Klinika Xəstəxanasının yuxu şöbəsinin nevroloqu və somnoloqu Serqo Tsenteradze bildirir ki, yuxusuzluq çox zaman emosional pozğunluqlarla, xüsusən də depressiya və anksiyete ilə bağlı olur. Bu hallarda yuxu keyfiyyəti pozulur və gündəlik həyat təsirlənir. O, sağlam və dərin yuxu üçün beş əsas şərtə əməl etməyi tövsiyə edir:

1. Yatmazdan əvvəl stressli mövzulardan uzaq durun. Gecə saatlarında narahatlıq yaradan söhbətlər, fikir dartışmaları və emosional gərginlik yuxuya getməni çətinləşdirə bilər.

2. Elektron cihazlardan istifadəni məhdudlaşdırın. Telefon, planşet və televizor kimi cihazlardan gələn mavi işıq melatonin hormonunun səviyyəsini azaldaraq bədənin yuxuya keçidini ləngidir.

3. Təmiz havada gəzinti vərdişi yaradın. Yatmazdan bir saat əvvəl açıq havada yüngül gəzinti sinir sistemini sakitləşdirərək orqanizmi yuxuya hazırlayır.

4. Kontrastlı duş qəbul edin. Soyuq və isti suyun növbələşməsi qan dövranını sürətləndirir, bədəni rahatlaşdırır və yuxululuğu artırır.

5. Öz yuxuya getmə rituallarınızı yaradın. Hər gecə eyni qaydada yerinə yetirilən sakitləşdirici fəaliyyətlər – kitab oxumaq, yumşaq musiqi dinləmək və ya dərin nəfəs məşqləri – bədəni və beyni yuxuya keçidə hazırlayır.

Somnoloq əlavə edir ki, yuxusuzluq yaşayan insanlar səhər saatlarında daha çox yatmaqla bu problemi kompensasiya etməyə çalışmamalıdırlar. Onun sözlərinə görə, bu yanaşma problemin daha da dərinləşməsinə səbəb ola bilər. “Yalnız bir saat əlavə uzanmağa icazə verin, amma daha çox yox. Beləliklə, axşam yuxuya getmək üçün kifayət qədər yorğunluq hiss edəcəksiniz”, – deyə o vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az