İspaniyalı kardioloq Aurelio Rojas iddia edir ki, sadəcə bir meyvəni gecə rejiminə əlavə etməklə daha sürətli və keyfiyyətli yuxuya nail olmaq mümkündür. Onun sözlərinə görə, bu təbii vasitə bəzi yuxu dərmanları qədər təsirli ola bilər.
E-saglam.az xəbər verir ki, aparılan elmi araşdırmalara əsaslanan Dr. Rojas bildirir ki, yatmazdan təxminən bir saat əvvəl kivi yemək yuxuya getmə müddətini 50 faizədək azalda bilər. Məlumatlara görə, bu təsir kivinin zəngin tərkibi – xüsusilə serotonin səviyyəsinin yüksək olması – ilə bağlıdır. Serotonin isə həm əhvalı tarazlayan, həm də yuxu dövrünü tənzimləyən əsas hormonlardan biridir.
Həkim vurğulayır: "Yuxu problemləri yaşayanlar üçün kivi təbii və təhlükəsiz bir alternativdir. Müntəzəm istifadə edildikdə, bu meyvənin təsiri bəzi yuxu həbləri ilə müqayisə oluna bilər."
Kivi niyə bu qədər faydalıdır?
Mütəxəssislər qeyd edir ki, kivi təkcə serotoninlə deyil, digər bir çox faydalı maddələrlə də zəngindir:
– Portağaldan daha yüksək miqdarda C vitamini
– Karotenoidlər (yuxu müddətini və keyfiyyətini artırır)
– Lif (həzmə dəstək verir)
– K vitamini (sümük sağlamlığı üçün vacibdir)
– Kalium və maqnezium (ürək fəaliyyətini dəstəkləyir)
Bundan əlavə, kivinin kalorisi azdır, toxluq hissi verir və kollagen istehsalını stimullaşdıraraq dərinin elastikliyini artırır. Bu xüsusiyyətləri ilə kivi balanslı qidalanma üçün ideal və “superfood” statusuna layiq bir meyvə sayılır.
Dr. Rojas məsləhət görür ki, hər axşam yatmazdan əvvəl bir və ya iki kivi yemək sadə, lakin çox təsirli bir vərdiş ola bilər: “Bu həm yuxuya daha tez getməyə, həm də gecə boyunca daha dərin və rahat yuxu keçirməyə kömək edir.”
Tərcümə: Könül Oruc