Professor, iş insanı, “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman Muradovanın Vətən Müharibəsindəki zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış ömür yolundan bəhs edən “Əsrin qəhrəmanı olan Komandan" kitabının təqdimatı keçirilib.
E-saglam.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə görkəmli elm və ədəbiyyat xadimləri, səfirlər, xalq yazıçıları, millət vəkilləri, iş insanları, media mənsubları iştirak ediblər.
Xalq yazıçısı Çingiz Abdullayevin rəhbərliyi və aparıcılığı ilə keçirilən təqdimat mərasimində Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, professor Aktoti xanım Raimkulova, xalq yazıçısı Natiq Rəsulzadə, Milli Məclisin deputatları Jalə xanım Əliyeva, Vüqar İsgəndərov, Razi Nurullayev, “Ayna–Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, yazıçı ədəbiyyatşünas Varis Yolçuyev, bədii qiraətçi Anar Atakişi və çox sayda hörmətli ziyalılar və mətbuat nümayəndələri çıxış edərək "Əsrin qəhrəmanı olan Komandan" kitabının yüksək məziyyətlərindən və əsərin müəllifi Xuraman Muradovanın ali vətəndaşlıq mövqeyindən söhbət açıblar.
Qazaxıstan və Qırğızıstan Yazıçılar Birliyinin Özbəkistan Koordinatoru Muginqam Nurbayev çıxış edərək Xuraman Muradovanın yaradıcılığının təkcə Özbəkistanda, Qazaxıstanda, Türkiyədə deyil, bütün Türk dünyasında sevgiylə, rəğbətlə qarşılandığını vurğulayıb və Xuraman Muradovaya “Əhməd Yəsəvi” medalını və Qazaxıstanda fəaliyyət göstərən “Dünya istedadları” Birliyinin fəxri mükafatını təqdim edib.
Təqdimat müəllifin çıxışı və dövlət başçısına həsr etdiyi “Komandan” şeirinin sözlərinə bəstələnmiş hərbi marşla təntənəli surətdə başa çatıb.