Viruslu ana uşağı necə əmizdirməlidir? - MÜTƏXƏSSİS DANIŞDI
Viruslu ana uşağı necə əmizdirməlidir? - MÜTƏXƏSSİS DANIŞDI

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova aktiv COVID-19 virusunun ana südü və əmizdirmə vasitəsilə ötürülməsi barədə danışıb.

E-saglam.az onunla müsahibəni təqdim edir:

- Şəymən xanım, hamilə qadınlar özlərində hansı əlamətlər olduqda COVID-19 infeksiyasından şübhələnə bilər?

- Hamilə qadınlar yüksək hərarət, ümumi halsızlıq, boğaz ağrıları, ürəkbulanma, dadbilmə və iybilmə qabiliyyətinin itməsi, bəzən isə ishal əlamətləri olduğu halda mütləq koronavirus testi verməlidirlər. Bəzən bu əlamətlərdən yalnız birinin olması koronavirusdan şübhələnməyə əsas verir. Belə ki, əgər yüksək hərarət bir neçə gün davam edərsə və öskürək müşahidə olunarsa, o zaman hamilə qadın dərhal həkimə müraciət etməli və ya təcili yardım çağırmalıdır. Hamilələrdə koronavirusun əsas əlamətləri qrip infeksiyası kimi özünü göstərir.

Son vaxtlar koronavirusun klinik əlamətləri bir qədər dəyişib. Əvvəlki dövrlərlə müqayisədə son vaxtlar dadbilmə və iybilmə qabilliyyətinin müvəqqəti itirilməsi koronavirus zamanı demək olar ki, rast gəlinmir. Hamilələr arasında virusa yoluxma halları bugün kifayət qədər mövcud olsa da, xəstəliyin gedişatı nisbətən yüngülləşib.

- Koronavirus hamilə qadınlara necə təsir edir?

- Hamilələrdə COVID-19 infeksiyasının klinik gedişi hamilə olmayanlardan kəskin fərqlənmir. Lakin hamilələrdə koronavirus daha ağır fəsadlara səbəb ola bilər. Çünki hamilə qadınların xəstəliyə müvaqiməti aşağı olur və hamilələr xəstəliyə daha tez tutulur və xəstəli daha ağır keçirir. Hamilələrin immun sistemi daha zəif olduğundan və hamilələrin bətnində döl inkişaf etdiyindən koronavirus həm hamilələr, həm də döllər üçün təhlükə hesab edilir.

- COVID-19-a yoluxmuş hamilə qadınlar virus əleyhinə preparatlar qəbul edə bilərmi?

- Hamiləlik zamanı antiviral (yəni, virus əleyhinə) preparatların qəbulu əks-göstərişdir. Təəssüf ki, bəzən hamilə qadınlara koronavirus infeksiyasının müalicəsində səhvən venadaxili infuziya və antibiotiklər təyin edilir. Bu hallar qətiyyən yolverilməzdir. Bu preparatlar virusun müalicəsində təsirsiz olmaqla yanaşı, hətta xəstəliyin gedişatını da ağırlaşdırır. Virus əleyhinə preparatlar çox güclü yan təsirə malik olduğundan həm ana, həm də döl üçün çox təhlükəli hesab olunur.

Virusa yoluxmuş hamilələrin bol maye və həkim məsləhəti ilə dərmanlar qəbul etmələri məsləhət görülür.

- Virus döl üçün təhlükə yarada bilərmi?

- Bəzi araşdırmaların nəticələrinə görə, koronavirus infeksiyası şəxsin orqanizmində simptomsuz cərəyan edə bilər. Ola bilsin ki, anada COVID-19 infeksiyasının olması bətndaxili infeksiyaya gətirib çıxara bilir ki, bu da körpədə koronavirus infeksiyasının yaranmasına səbəbi ola bilər. Eyni zamanda, koronavirus infeksiyasının anadan uşağa keçmə riski nisbətən aşağıdır. Çünki ciftin qoruyucu fuksiyası infeksiyanın anadan dölə keçməsinin müəyyən qədər qarşısını ala bilər.

- Koronavirusa yoluxmuş ana süd verə bilərmi?

- Bu günədək, aktiv COVID-19 (infeksiyaya səbəb olan virus) virusunun ana südü və əmizdirmə vasitəsilə ötürülməsi halı aşkar edilməyib. Ona görə də, koronavirusa yoluxmuş anaya süd vermək əks-göstəriş deyil.