Dünyada bir milyarddan çox insan psixi sağlamlıq pozuntuları - narahatlıq sindromu, depressiya və digərlərindən əziyyət çəkir.
E-saglam.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məlumatında deyilir.
ÜST-yə görə, ən çox rast gəlinən ruhi xəstəliklər anksiyete və depressiv pozuntulardır; 2021-ci ildə onlar bütün psixi pozuntuların üçdə ikisindən çoxunu təşkil edib. Çox vaxt bu cür xəstəliklər 20-29 yaşlı insanlarda olur. Hesabatda qeyd edilir ki, 2011-2021-ci illər arasında psixi xəstəlikləri olan insanların sayı dünya əhalisinin artım tempini üstələyib.
ÜST, həmçinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün ölkələrdə intiharı “gənclər arasında ölümün əsas səbəbi” adlandırır. 2021-ci ildə intihar 727 min insanın həyatına son qoyub.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, intiharlardan ölüm hallarının azaldılması üzrə cari səylər yetərli deyil. Belə ki, 2030-cu ilə qədər bu rəqəm BMT-nin təklif etdiyi kimi üçdəbir yox, indiki templərlə yalnız 12% azalacaq.
Təşkilatın hesablamalarına görə, psixi pozuntuların yayılmasının zərəri hər il 12 milyard məhsuldar iş günü təşkil edir ki, bu, qlobal iqtisadiyyata ildə təxminən 1 trilyon dollara başa gəlir. Eyni zamanda, depressiyadan əziyyət çəkən insanların yalnız 9%-i keyfiyyətli müalicə alır. Bundan başqa, psixozlu insanların 71%-i ümumiyyətlə tibbi yardım almır.
AZƏRTAC