"Uşaqları bağçaya qoymaq üçün ən ideal yaş 3-4 yaşın tamamıdır. 3 yaşdan daha tez uşağın bağçaya getməsi məsləhət deyil".
Bu sözləri E-saglam.az-a açıqlamasında pediatr Nigar Abdullayeva deyib.
Onun sözlərinə görə, 3 yaşa qədər uşağın immun sistemi tam formalaşmır və xəstəlikləri daha ağır keçirir: "Həmçinin 3 yaşı tamam olmuş uşaq cümlə qurur, fikrini ifadə edə bilir, istəklərini söyləyir.
Erkən yaşlı uşaqlar anaya bağlı olur, onunla daha çox vaxt keçirməlidir, valideyndən uzun müddət ayrı qala bilmir. Uzun müddət valideyndən ayrı qalmaq psixoloji problemlərin yaranmasına səbəb olur.
Müraciət edən pasientlərdən də müşahidə edirik ki, erkən 1-2 yaşında bağçaya gedən uşaqlar çox tez-tez (ayda ən azı 2 dəfə) xəstələnir və ağırlaşmalar sıx rast gəlinir.
Odur ki, əziz valideynlər uşaqlarınızı çox erkən yaşlarda bağçaya qoymağa tələsməyin, bu onların sağlamlığı üçün təhlükəlidir.
Könül Oruc