Yandex watch
Ümumi vaginal “balanssızlıq” əslində cinsi yolla ötürülən

Tədqiqatçıların fikrincə, bakterial vaginoz (BV) kimi tanınan ümumi vaginal vəziyyət əslində cinsi yolla ötürülən infeksiya (CYBE) ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, hazırda İngiltərə Milli Səhiyyə Xidməti (NHS) bildirir ki, BV "vaginadakı bakteriyaların təbii balansındakı dəyişiklikdən qaynaqlanır və cinsi yolla ötürülə bilsə də, CYBE hesab edilmir". Lakin yeni bir araşdırma, BV-nin cinsi əlaqə zamanı yayıldığını və bu səbəbdən də CYBE tərifinə uyğun gəldiyini irəli sürür.

Qeyd edək ki, CYBE cinsi yolla bulaşan əlamətlər (və ya xəstəliklər), insandan insana əsasən cinsi əlaqə yolu ilə ötürülən infeksiyalardır. Bunlara xlamidiya, bel soğanağı, sifilis, herpes və bəzi hallarda BV kimi vəziyyətlər də daxil ola bilər.

BV — dünyada qadınların təxminən üçdə birinə təsir edir və bu vəziyyət sonsuzluğa, vaxtından əvvəl doğuşlara və yeni doğulanların ölümünə səbəb ola bilər. Avstraliyada aparılan və New England Journal of Medicine jurnalında dərc olunan bir sınaq, yalnız qadınların deyil, onların cinsi partnyorlarının da müalicə edilməsinin infeksiyanın təmizlənməsi baxımından vacib olduğunu göstərdi.

BV nədir?

BV — vaginadan gələn, güclü "balıq qoxulu" və qeyri-adi axıntının ən ümumi səbəblərindən biridir. Axıntının rəngi və konsistensiyası dəyişə bilər, adətən boz-ağ rəngli və nazik olur. BV olan qadınların yarısında heç bir simptom olmur. Bu vəziyyət adətən ağrı və ya qaşınma ilə müşayiət edilmir və antibiotik tabletləri, gel və ya kremlərlə müalicə oluna bilər.

Yeni tədqiqat nə göstərdi?

Tədqiqat çərçivəsində BV-dən əziyyət çəkən 164 heteroseksual cütlük üzərində araşdırma aparıldı. Qadınlara və onların partnyorlarına antibiotiklər verildi və nəticədə BV-nin təkrar yoluxma hallarında ciddi azalma müşahidə edildi. Bu effektivlik nəticəsində sınaq erkən dayandırıldı. Aparıcı tədqiqatçılardan biri, professor Katriona Bradshaw belə deyib:

“Araşdırmamız göstərdi ki, partnyorlardan təkrar yoluxma BV-nin təkrarən baş verməsinə səbəb olur və bu, BV-nin əslində CYBE olduğunu sübut edir.”

BV-nin cinsi yolla ötürülməsi faktının dəqiq şəkildə müəyyənləşdirilməsi çətindir, çünki bu vəziyyətə səbəb olan konkret bakteriyalar hələ də tam bilinmir. Lakin son illərdə genomik araşdırmalar bu istiqamətdə böyük irəliləyişlər əldə edib. Monash Universiteti və Melburn Cinsi Sağlamlıq Mərkəzinin tədqiqatçıları tərəfindən aparılan bu araşdırmada kişilərin yarısına ağızdan antibiotik və dəridən istifadə olunan krem verildi, nəzarət qrupuna isə heç bir müalicə tətbiq edilmədi.

Araşdırmanın nəticələrinə əsasən, Melburn Cinsi Sağlamlıq Mərkəzi artıq klinik təcrübəsini dəyişərək həm qadınlara, həm də onların partnyorlarına eyni zamanda müalicə tətbiq edir. Britaniya Cinsi Sağlamlıq və HİV Assosiasiyası da bu tədqiqatı müsbət qarşılayıb:

“Bu araşdırma, uzun müddətdir şübhə edilən bir məsələni sübut edir — BV ilə əlaqəli bakteriyalar, xüsusilə təkrarlanan hallarda, cinsi yolla ötürülə bilər.”

Əgər sizdə CYBE əlamətləri varsa və ya BV ilə bağlı narahatlığınız mövcuddursa, həkiminizə və ya yerli cinsi sağlamlıq klinikasına müraciət etməyiniz tövsiyə olunur.

Tərcümə: Zəhra Niftiyeva 

E-saglam.az