Uzun illər boyunca sağlam tərəvəz kimi tanınan turp, son araşdırmalara görə bəzi hallarda gözlənilməz sağlamlıq riskləri yarada bilər.
E-saglam.az xəbər verir ki, bazar və marketlərdə asanlıqla tapılan bu tərəvəz, xüsusilə intensiv gübrə istifadəsi ilə yetişdirildikdə, sağlamlıq üçün təhlükəli ola bilər.
Nitrat təhlükəsi
Erkən məhsul olaraq istixanalarda yetişdirilən turplarda gübrələrdən həddindən artıq istifadə edildikdə, tərkibindəki nitrat miqdarı artır. Nitratlar yüksək dozada qəbul edildikdə, xüsusilə uşaqlarda baş ağrısı, ürəkbulanma və qan dövranı pozuntuları kimi zəhərlənmə əlamətləri ortaya çıxa bilər. Parlaq rəngli və acı dadlı turplar bu baxımdan daha riskli sayılır.
Mədə üçün qıcıqlandırıcı təsir
Turpun acqarına və ya çox miqdarda yeyilməsi mədənin selikli qişasını qıcıqlandıra bilər. Bu, şişkinlik, ürək yanması, hətta qastrit və mövcud mədə xoralarının pisləşməsi kimi ciddi narahatlıqlara səbəb ola bilər.
Qalxanabənzər vəzi (tiroid) xəstələri üçün xəbərdarlıq
Turpun tərkibindəki bəzi maddələr yodun orqanizm tərəfindən mənimsənilməsinə mane ola bilər. Bu isə tiroid (qalxanabənzər vəz) funksiyasında problemlər yarada bilər. Mütəxəssislər qalxan vəzi xəstələrinə turpu yalnız məhdud miqdarda istifadə etməyi tövsiyə edirlər.
Kimlər üçün, nə qədər?
Sağlam böyüklər gündə 5-7 ədəd turpu salat və ya bəzək kimi istifadə edə bilərlər. Lakin 3 yaşdan kiçik uşaqlara turp verilməsi tövsiyə olunmur. Uşaqların həssas orqanizmi turpdakı aktiv maddələrə daha tez reaksiya verə bilər.
Tərcümə: Könül Oruc